Hüquqi dövlət şəraitində jurnalistlərin ayrı-ayrı şəxslərlə məhkəmə çəkişmələri normal haldır və hökumət buna müdaxilə etmək niyyətində deyil. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan Prezidenti İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin (Miklos Haraszti) müraciətini şərh edərkən billdirib.
Sentyabın 4-də M. Haraşti Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək, jurnalistlərə qarşı məhkəmə çəkişmələrinin yeni dalğasına müdaxilə etməyi xahiş edib və vəziyyətdən çıxış kimi, məhkəmə islahatlarının aparılmasını təklif edib.
M. Haraştinin fikrincə, islahatlar jurnalistlərə qarşı cinayət ittihamlarına dərhal məhkəmə qadağası qoya və böhtan, diffamasiya və verbal təhqirlərlə bağlı işlərin Ginayət Məcəlləsindən vətəndaş hüququ sahəsinə keçirilməsi ilə tamamlana bilər. Məktubda həmçinin ictimaiyyətin açıq və ətraflı informasiya alması məqsədi ilə jurnalistlərə bütün məhkəmə dinləmələrinə tam çıxış əldə etməsinin təmin olunması xahiş olunur.
Ə. Həsənov hesab edir ki, Azərbaycanda artıq bir neçə ildir ki, azad mətbuatla bağlı islahatlar aparılır. Onun sözlərinə görə, Avropa standartlarına uyğun KİV haqqında yeni qanun qəbul olunub. "Bu sahədə dövlətin bütün tənzimləyici mexanizmləri ləğv olunub. Azad fikir və fəaliyyət üçün bütün şəraitlər yaradılıb", - deyə o qeyd edib və bildirib ki, müraciətdəki "islahatlar" ifadəsinin mənası aydın deyil.
ATƏT nümayəndəsinin bəyanatında yer alan dövlət məmurları tərəfindən jurnalistlərə qarşı iddialara gəlincə isə Ə. Həsənov qeyd edib ki, məmurun da hücumlara qarşı müdafiə olunmağa haqqı var. "Əgər məmurun şərəf və ləyaqətini təhqir edən informasiya yayılırsa, o, şantaj edilirsə, onda onun da məhkəməyə müraciət etmək hüququ var", - deyə Ə. Həsənov bildirib.
O əlavə edib ki, Azərbaycanda KİV-in inkişafı üçün ölkə hakimiyyəti gələcəkdə də ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırdır. "Lakin bu, birtərəfli olmamalıdır. Bu, jurnalistlərə kiminsə hüquqlarını pozmağa və bunun müqabilində cəzasız qalmağa haqq vermir", - deyə Ə. Həsənov bildirib.