...

Bələdiyyə seçkisində AXCP üzvü kimi iştirak edən bəzi namizədlərin partiya mənsubiyyəti MSK-nın rəsmi məlumatlarından çıxarılıb

Siyasət Materials 15 Sentyabr 2006 14:35 (UTC +04:00)

Bələdiyyə seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü kimi iştirak edən, lakin əslində bu partiyanın üzvü olmayan bəzi namizədlərin partiya mənsubiyyəti barədə məlumat artıq Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytından çıxarılıb. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov məlumat verib.

Qeyd edək ki, AXCP bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini boykot edib. Lakin MSK-nın rəsmi məlumatlarında 23 nəfər AXCP üzvünün seçkidə iştirak etdiyi göstərilib. Bununla bağlı AXCP-nin MSK-ya ünvanladığı müraciətdə bildirilib ki, partiya üzvləri seçkilərdə iştirak etmir və həmin şəxslər də AXCP üzvləri deyil. Buna görə onların AXCP üzvü olmasına dair məlumat çıxarılmalıdır.

MSK katibi N.Məmmədov bildirib ki, AXCP-nin müraciətinə baxılıb və şikayət araşdırılıb. Onun sözlərinə görə, partiya mənsubiyyətini AXCP kimi göstərən namizədlərin bəzilərinin həqiqətən də bu partiyanın üzvü olmadığına dair sənədlər MSK-ya təqdim edilib: "AXCP-dən bizə bu şəxslərin partiya üzvü olmaması barədə sənədlər təqdim edilib və buna görə də artıq rəsmi məlumatlardan, o cümlədən saytdan həmin namizədlərin partiya mənsubiyyəti barədə məlumat çıxarılıb. Qalan namizədlər isə əksinə, özləri AXCP üzvü olmalarını təsdiqləyən sənəd təqdim ediblər. Ona görə də onların partiya mənsubiyyəti saxlanılıb. MSK-nın apardığı araşdırmaların nəticələri belədir".

MSK katibi onu da deyib ki, bu məsələlərlə bağlı AXCP-nin məhkəməyə verdiyi şikayət əsasında məhkəmə hansı qərar çıxaracaqsa, ona uyğun da addım atılacaq.

Xatırladaq ki, müxalifəti təmsil edən AXCP 1991-ci ildə Azərbaycanın eks-prezidenti, milli azadlıq hərəkatının lideri olmuş Əbülfəz Elçibəy tərəfindən yaradılıb. AXCP sədri Əbülfəz Elçibəy 2000-ci ildə vəfat etdikdən sonra o dövrdən indiyədək partiyanın sədri Əli Kərimlidir. Partiya yaradılan vaxtdan 2005-ci ilə qədər Azərbaycan parlamentində təmsil olunub. Ötənilki parlament seçkisində heç bir yer qazanmayan müxalifətçi partiya və onun təmsil olunduğu "Azadlıq" bloku bu ilki bələdiyyə seçkilərini boykot edib.

Xəbər lenti

Xəbər lenti