...

ADP-nin ümumrespublika müşavirəsi keçirilib

Siyasət Materials 25 Sentyabr 2006 12:58 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyasının (ADP) ümumrespublika müşavirəsi keçirilib. Trend in məlumatına görə, toplantıda ADP-nin Mərkəzi Aparatının rəhbərliyi, Ali Məclis üzvləri, rayon təşkilatlarının sədrləri və fəalları iştirak ediblər.

Müşaviədə ölkədəki ictimai-siyasi vəziyyət, partiyanın bundan sonrakı fəaliyyət istiqamətləri, müxalifətin böhranlı vəziyyətdən çıxması yolları barədə müzakirələr aparılıb. Toplantıda ADP sədri Rəsul Quliyevin yazılı məruzəsi oxunub, sonra onunla telefon əlaqəsi yaradılıb. Telefon vasitəsilə müşavirəyə qoşulan Rəsul Quliyev ADP-çilərə öz tövsiyələrini verib, ölkədə və partiya daxilində baş verənələrə münasibətini bildirib. Deyib ki, onun xaricdə təsis etdiyi "Azərbaycanda Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyət" adlı qurum siyasi partiya deyil və yalnız Azərbaycanda demokratiya uğrunda mübarizəni gücləndirmək və bu mübarizəyə beynəlxalq səviyyədə dəstək vermək məqsədilə yaradılır. O, yeni qurumun ADP-yə alternativ olmadığını və beynəlxalq səviyyəli ictimai cəmiyyət olduğunu deyib.

ADP sədri həmçinin vurğulayıb ki, müxalifət bundan sonrakı dövrdə öz siyasi mübarizəsində artıq beynəlxalq qurumların dəstəyinə deyil, xalqın gücünə və iradəsinə güvənməlidir.

İlqar Qasımovun rəhbərlik etdiyi təşkilatın ADP üzvlərini özünə cəlb etməsi barədə də danışılıb və belə cəhdlər pislənilib. Rəsul Qulyev də qeyd edib ki, belə hallar onu narahat etmir və ADP-də sona qədər yalnız demokratiya uğrunda mübarizə aparan insanlar qalacaqlar.

Rəsul Quliyev ADP-nin bundan sonra yalnız rəsmi üzvlərinin deyil, həm də tərəfdardarının sayı hesabına güclənməsini və ideoloji kadr hazırlığına üstünlük verilməsini tövsiyə edib. Partiya sədri həmçinin ADP-çilərin KİV-lərdə bir-birilərinə qarşı yersiz ittihamlarla dolu diskusiyalar aparmasına da etirazını bildirib.

Müşavirənin sonunda qətnamə, insan hüquqlarının durumu və ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı iki bəyanat qəbul olunub.

Qeyd edək ki, müxalifəti təmsil edən ADP hazırda "Azadlıq" siyasi blokunun həmtəsisçisi və üzvüdür. Partiyanın sədri Azərbaycan parlamentinin eks-spikeri, hazırda mühacirətdə olan Rəsul Quliyevdir.

Xəbər lenti

Xəbər lenti