...

Bütün Qafqazın Şeyxi: "Əqidə uğrunda Allahın və dövlətin yol verdiyi üsullarla mübarizə aparmaq lazımdır"

Siyasət Materials 21 Noyabr 2006 18:56 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə aclıq aksiyası keçirən jurnalistlərə müaciət ünvanlayıb. Trend in məlumatına görə, Şeyxülislam ölüm aclığına başlamış "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidi və digərlərini aksiyanı dayandırmağa çağırıb.

Müraciətində Allahşükür Paşazadə bildirib ki, "Azadlıq" qəzeti Azərbaycan dövlətinin tarixində özünəməxsus yer tutur. O, 1990-ci ilin qanlı yanvarında BMT rəhbərinə yazdığı sərt məktubu ilk dəfə olaraq "Azadlıq" qəzetinin nəşr etdiyini xatırladıb. Şeyxülislam artıq səhhəti pisləşən Qənimət Zahidin bu addımı cana qəsd kimi qiymətiləndirib: "Allah cana qəsdi bəyənmir, əksinə, ittiham edir. Müqəddəs kitabımız olan Qurani-Kərimdə buyurulur ki, bir insanı öldürmək bəşəriyyəti öldürməyə bərabərdir. Allah insana canı bu həyatda yaşaması üçün verir, insan canını ancaq Vətən üçün təhlükə yarananda qurban etmək olar ki, bunun da adı şəhidlikdir"-deyə Şeyxülislam vurğulayıb.

Allahşükür Paşazadə aksiyaçıları aclığı dayandırmağa çağırıb, onlara düşmənlərimizi sevindirməməyi tövsiyə edib. Onun fikrincə, bu hadisələr Azərbaycan xalqının Ermənistanda olan düşmənlərini sevindirə bilər: "İnsanın əqidəsi ola bilər və mən bunu başa düşürəm. Əqidə uğrunda Allahın və dövlətin yol verdiyi üsullarla mübarizə aparmaq lazımdır. Mənim müraciətimi düzgün başa düşəcəyinizə və aclığı dayandıracağınıza inanıram"-deyə Şeyxülislam müraciətinin sonunda vurğulayıb.

Xəbər lenti

Xəbər lenti