...

Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik deputatların narazılığına səbəb olub

Siyasət Materials 22 Dekabr 2006 13:33 (UTC +04:00)

Milli Məclisin dekabrın 22-də keçirilən iclasında Göranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında layihə müzakirə olunub. Trend xəbər verir ki, layihə haqqında Milli Məclisin regional siyasət məsələləri daimi komissiyasının sədri, deputat Arif Rəhimzadə məlumat verib.

O bildirib ki, təklif olunan layihəyə əsasən, Göranboy rayonunun Tatarlı kəndinin adı dəyişdirilərək Yuxarı Safıkürd adlandırılsın. Bu məsələ millət vəkilləri arasında gərgin müzakirələrə səbəb olub.

Deputat Yaqub Mahmudov bildirib ki, Azərbaycanda bəzi qüvvələr xarici quvvələrlə əlbir olub Azərbaycandakı türk toponumiya, yer adlarını dəyişdirməyə başlayıblar: "Burada xarici ölkələrin kəşfiyyət orqanlarının da rolu var. Azərbaycan xalqının tarixi ilə bağlı olan yer adları dəyişdirilir". Y. Mahmudov təklif edib ki, layihə müzakirədən çıxarılsın və yenidən tarixçilərin iştirakı ilə müzakirə olunsun: "Bu məsələlər Toponumiya Komissiyasında müzakirə olunsun. Həmin komissiyada hazırda tarixçilər təmsil olunmurlar. Ona görə də komissiyaya tarixçiləri daxil edilməsi vacibdir".

Göranboy rayonundan seçilən millət vəkili Gültəkin Hacıyeva da məsələnin gündəlikdən çıxarılmasını təklif edib: "Kənd sakinləri Tatarlı kəndinin adının dəyişdirilməsinə etiraz edirlər". Deputat Fəzail İbrahimli də məsələnin gündəlikdən çıxarılması təklifini dəstəkliyib.

Səsləndirilən fikirlərə münasibət bildirən komissiya sədri Arif Rəhimzadə bildirib ki, həmin kənddə tatar millətindən olan şəxslər yaşamırlar: "Sakinlər deyir ki, Tatarlı adı onları təhqir edir".

Millət vəkilləri Qənirə Paşayeva, Nizami Xudiyev və digərləri də kəndin adının dəyişdirilməsinə etiraz ediblər.

Spiker Oqtay Əsədov da bildirib ki, məsələ gündəlikdən çıxarılmalıdır və millət vəkilləri bu təklifi dəstəkləyiblər. Bununla da layihənin müzakirəsi gündəlikdən çıxarılıb.

Xəbər lenti

Xəbər lenti