...

Teleradio Şurasının sədri: "ANS-in tezliyi ilə bağlı müsabiqə azı 3 iddiaçı iştirak edənə qədər uzadılmalıdır"

Siyasət Materials 24 Yanvar 2007 12:25 (UTC +04:00)
Teleradio Şurasının sədri: "ANS-in tezliyi ilə bağlı müsabiqə  azı 3 iddiaçı iştirak edənə qədər uzadılmalıdır"

"Mən hesab edirəm ki, ANS-in tezliyinə elan olunmuş müsabiqənin nəticələrəi ləğv edilməlidir. Çünki tenderdə tələb olunduğu kimi ən azı üç iddiaçı iştirak etməyib". Bu fikirləri Trend ə eksklüziv açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

O qeyd edib ki, "Teleradio yayımı haqqında" qanunla bərabər, Şura tender haqqında qanunu da müzakirə edir. Tenderlə bağlı qanunun tələblərinə görə, televiziya tezliklərinə müsabiqədə ən azı 3 hüquqi və ya fiziki şəxs iştirak etməlidir. Əks halda, bu tenderin nəticələri etibarlı sayıla bilməz və ləğv olunmalıdır: "Məhz qanunun bu tələbi bizə əsas verir ki, ANS tezliyi ilə bağlı artıq başa çatmış müsabiqənin nəticəsini ləğv edək. Çünki hesab edirəm ki, qanunun tələbləri hər şeydən üstün tutulmalıdır. Ona görə də nəticələr ləğv edilməlidir. Bu, mənim şəxsi fikrimdir, amma Şuranın qanunla əsaslandırılan izahı ANS rəhbərliyinə də çatdırılacaq"-deyə Şura sədri qeyd edib.

Onun sözlərinə görə, müsabiqənin nəticələri ləğv ediləndən sonra yenidən ANS-in yayımlandığı tezliyə tender elan ediləcək. Əgər növbəti dəfə də ən azı 3 iştirakçı olmayacaqsa, yenə də nəticələr etibarsız sayılacaq: "Qanunun tələbinə görə, 3 iddiaçı iştirak edənə qədər müsabiqə uzadılacaq" - deyə N.Məhərrəmli vurğulayıb. Onun sözlərinə görə, müsabiqənin yekununa dair qərar Teleradio Şurasının bu günlərdə keçiriləcək iclasında qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti