ATƏT Parlament Assambleyasının sədri, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Qoran Lenmarkerin Azərbaycana səfəri başa çatıb. Trend in məlumatına görə, ATƏT PA-nın sədri fevralın 11-də Türkmənistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Bakıdan Aşqabada yola düşüb.
Qeyd edək ki. Q.Lenmarker bölgəyə səfəri çərçivəsində fevralın 7-də Azərbaycana gəlmişdi. O, fevralın 8-9-da Bakıda bir sıra görüşlər keçirib.
Qoran Lenmarker səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının bəzi üzvləri ilə görüşüb.
ATƏT Parlament Assambleyasının sədrini prezident İlham Əliyev də qəbul edib.
ATƏT PA-nın sədri qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşüb.
Bundan başqa Qoran Lenmarker Bakı Dövlət Universitetində müəllim və tələbələrin qarşısında çıxış edib, onların suallarını cavablandırıb.
Xatırladaq ki, Q. Lenmarkerin Cənubi Qafqaz bölgəsinə səfəri fevralın 4-də başlayıb. O, əvvəlcə Ermənistan və Gürcüstanda olub.