...

Aleksandr Milinkeviç Asim Mollazadəni Belarusa dəvət edib

Siyasət Materials 2 Mart 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ 2006-cı ildə Belarusda keçirilən prezident seçkilərində müxalifətin əsas namizədi olmuş, ötən il Avropa Parlamentinin "Saxarov" mükafatının laureatı Aleksandr Milinkeviç Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadəni martın 25-i Belarusun azadlıq günü münasibətilə keçiriləcək tədbirlərdə iştirak üçün öz ölkəsinə dəvət edib. Bu barədə partiyadan məlumat verilib.

Milinkeviç A.Mollazadəyə ünvanladığı dəvət məktubunda qeyd edib ki, vətəndaş cəmiyyəti qurumlarının nümayəndələrilə söhbət etdikdən və Belarus hakimiyyətinin Avropa ilə münasibətləri normallaşdırmaq barədə bəyanatlarını nəzərdən keçirdikdən sonra prezident Aleksandr Lukaşenkoya iqtidar və müxalifət arasında dialoqa başlamanın mümkünlüyü barədə məktub ünvanlayıb. O, yalnız bu yolla iqtisadi böhrandan çıxa, müstəqilliyi müdafiə edə və demokratikləşmə strategiyasını həyata keçirə biləcəklərinə inam ifadə edib. Yalnız iqtidarla müxalifət arasında razılaşma əldə olunduqdan sonra Belarusun Avropanın dəstəyi ilə irimiqyaslı siyasi, iqtisadi və sosial islahatlara başlaya biləcəyini vurğulayıb.

Lukaşenkoya Belarus dövlətçiliyi üçün əhəmiyyətli gün olan martın 25-də müxalifət qüvvələrinə yönəlmiş addım atmağı təklif etdiyini bildirən Milinkeviç bunun Belarus ictimaiyyəti tərəfindən də dəstəkləndiyini, həmin günün ölkəsinin gələcəyi barədə cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi ciddi müzakirələrin başlanacağı gün ola biləcəyini söyləyib.

Asim Mollazadənin Belarusun problemlərinə marağını nəzərə alan Milinkeviç onu bu vacib əhəmiyyətli hadisələrdə iştirakçı olmağa dəvət edib. O, ümid edir ki, Belarus hakimiyyəti Avropa inteqrasiyasının 50 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətində olan həmin anın vacibliyini qiymətləndirəcək və xalqa doğru addım atacaq.

Xəbər lenti

Xəbər lenti