Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və Polşa arasında parlamentlərarası münasibətlərin inkişafı perspektivləri 21-23 may tarixdə Varşavada Azərbaycanın Milli Məclis sədri Oqtay Əsədovun Polşaya rəsmi səfəri çərçivəsində müzakirə olunacaq. Bu barədə çərşənbə axşamı telefon vasitəsilə Varşavadan Azərbaycanın Polşadakı səfiri Vilayət Quliyev məlumat verib. "Səfər keçən ilin noyabrında Azərbaycana səfər etmiş və azərbaycanlı həmkarını Polşaya cavab səfərinə dəvət edən Polşa Senatının rəhbəri Boqdan Boruseviçin dəvəti ilə həyata keçiriləcək" - deyə səfir qeyd edib.
Onun sözlərinə görə, səfər zamanı beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı münasibətlərin müzakirəsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, Azərbaycan qanunvericiliyinin Avropa qanunvericilik bazasına unifikasiyası sahəsində təcrübə mübadiləsinin aparılması planlaşdırılır.
"Varşavada Azərbaycan parlamentinin spikeri ölkə, Polşa parlamenti və hökumət rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək" - deyə Quliyev məlumat verib.