Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Quba rayonunda aşkarlanan kütləvi insan məzarlığı ilə bağlı erməni vəhşiliklərinə etiraz əlaməti olaraq Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi həmin rayonda çərşənbə axşamı yürüş aksiyası həyata keçiriblər. Bu barədə Trend ə hadisə yerində olan YAP Gənclər Birliyinin sədri Ramil Həsənov məlumat verib. Onun sözlərinə görə, 250 nəfər YAP üzvü bir kilometr məsafədə yürüş keçirdikdən sonra aşkarlanan kütləvi insan məzarlığında olublar. Orada YAP-çı gənclərə arxeoloji tapıntılar barədə məlumat verilib.
"Ekspertlər bildiriblər ki, kütləvi insan məzarlığı ilə bağlı iki quyu aşkarlanıb. Ermənilər həmin insanları 1918-ci ildə çay kənarında basdırmaqla müəyyən müddətdən sonra izin itirilməsini düşünüblər. Onlar hesab ediblər ki, çayın suyu bir müddətdən sonra insan cəsədlərinin sümüklərini yuyub aparacaq" - deyə Həsənov əlavə edib. Həsənov bildirib ki, aksiyanın keçirilməsində məqsəd gənclərə tarixi gerçəklikləri çatdırmaq olub.
Bu aksiyadan sonra YAP-çı gənclər Qubada yerləşən Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər. Daha sonra YAP Gənclər Birliyinin şimal rayonlarını (Siyəzən, Dəvəçi, Quba, Qusar, Xaçmaz) özündə birləşdirən zona müşavirəsi keçirilib. Müşavirədə Elvin Hacızadə YAP Gənclər Birliyinin şimal regionu üzrə koordinatoru seçilib.
Quba paytaxt Bakıdan 170 kilometr şimalda yerləşir.