...

Türkiyənin müxalif millət vəkili: "Parlament seçkilərində ədalətsizliklər oldu"

Siyasət Materials 24 İyul 2007 16:26 (UTC +04:00)
Türkiyənin müxalif millət vəkili: "Parlament seçkilərində ədalətsizliklər oldu"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) yenidən iqtidara gəlməsi ölkənin problemlərini artıracaq. Bu barədə Türkiyənin aparıcı müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasından parlamentə seçilmiş millət vəkili Yılmaz Atəş Trend ə açıqlamasında bildirib.

Bazar günü Türkiyədə keçirilmiş seçkilərin sonunda Böyük Millət Məclisi üç partiyadan ibarət formalaşdırıldı. AKP 340, CHP 112, MHP 71 nəfər millət vəkili ilə parlamentə seçildi.

Yılmaz Atəş qeyd edib ki, müxalifətçi CHP 1999-cu ildə də iqtidara gələ bilmədi, iki il sonra Türkiyədə böhran yaşandı. Ölkənin borcları ikiqat artdı: "Biz bunlara görə xəbərdarlıq etdik, amma iqtidarın yürütdüyü siyasətlə işsizlik və digər iqtisadi problemlər aradan qalxmadı. Biz bunları anlada bilmədik".

CHP-dən olan millət vəkili yenidən iqtidarda olan AKP-dən qarşıdakı beş il ərzində fərqli bir siyasət gözləmir. Onun fikrincə, bundan sonra Türkiyədə yoxsulluq, işsizlik, ölkənin borcları artacaq, bütün əhəmiyyətli qurumlar satışa çıxarılacaq.

Digər problemlərə də toxunan Atəş qeyd edib ki, ölkədə terror təhlükəsi baş alıb gedir. Avropa Birliyi, Kipr məsələləri çıxılmaz vəziyyətə salınıb. Bir sözlə, CHP AKP-nin hər sahədə yanlış siyasət yürütdüyünü iddia edir.

CHP millət vəkili onu da deyib ki, parlament seçkilərində ədalətsizliklər olub. Onun sözlərinə görə, AKP-ni dəstəkləməsi üçün 4 milyon yarım insana maddi yardımlar edilib, onlar bu partiyaya səs verməyə təhrik olunublar. Atəşin dediyinə görə, belə hallar Türkiyə qanunlarına ziddir. Seçkilərlə bağlı etirazları olmasına baxmayaraq, CHP seçimin nəticələrini tanımağa məcburdur.

İqtidara gəldiyinə görə, Türkiyə cümhurbaşqanlığına namizədləri də AKP irəli sürməlidir. AKP-yə müxalif olmasına baxmayaraq, CHP millət vəkili hesab edir ki, həmin partiyada cümhurbaşqanlığına layiqli şəxslər var: "Əlbəttə, belə insanlar var, amma rəsmən irəli sürülsün, ondan sonra kimi dəstəkləcəyimizə qərar verərik. Bu məsələdə CHP-də fikir ayrılığı olmayacaq. Partiya yekdilliklə bir şəxsə üstünlük verəcək".

Atəş sonda onu da bildirib ki, təmsil etdiyi CHP yenidən müxalifətdə olacaq. Qarşıdakı beş il ərzində öz mövqeyinə sadiq qalacaq: "Çünki xalq yenidən bizə müxalifət görəvi verdi" - deyə Yılmaz Atəş vurğulayıb.

Xəbər lenti

Xəbər lenti