...

İran prezidenti: "Dünyanın böyük dövlətləri İran xalqının nüvə proqramı hüququna hörmətlə yanaşmağa məcbur olacaqlar"

Siyasət Materials 22 Avqust 2007 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir P.Kəsəmənski/ Dünyanın böyük dövlətləri İran xalqının hüququna hörmətlə yanaşmağa məcbur olacaqlar. Bunu çərşənbə günü Bakıda İran prezidenti Mahmud Əhmədinejad ölkəsinin nüvə proqramı ilə bağlı suala cavab verərkən deyib.

Əhmədinejad qeyd edib ki, İran nüvə texnlogiyasından sülh məqsədləri və xalqının işıqlı gələcəyi üçün istifadə etmək niyyətindədir.

"Yalnız öz xeyri barədə düşünən böyük qüvvələr İranın nüvə texnologiyasının istifadəsinin qarşısını almağa çalışırlar" - deyə İran prezidenti vurğulayıb.

O qeyd edib ki, İran öz haqlarını qanun çərçivəsində tələb edir. "Bizə qarşı bəhanə tapa bilmirlər. Ona görə də onlar siyasi səbəblər axtarırlar, İran xalqını öz hüququndan məhrum etməyə və qanuni məqsədlərə çatmağın qarşısını almağa çalışırlar" - deyə Əhmədinejad bildirib.

İran prezidenti qeyd edib ki, onu xarici siyasətdə gücdən istifadə edən ölkələrin daim sülh və sabitlikdən danışmalarına rəğmən yalnız öz xeyri barədə düşünmələri narahat edir. "Demokratiya haqda bəyanat verməklə yanaşı, eyni zamanda öz maraqlarından imtina etmirlər" - deyə o vurğulayıb.

Bu ölkələrin siyasətini dünya ictimaiyyətinin problemlərindən biri kimi xarakterizə edən İran prezidenti bu problemin aradan qaldırılmasının gərəkliyini önə çəkərək həmin ölkələri düşmənçilikdən imtina etməyə və digər xalqların hüquqlarına və maraqlarına hörmətlə yanaşmağa çağırıb.

Onun sözlərinə görə, iqtisadi sanksiyalara və psixoloji mübarizəyə rəğmən, İran xalqı öz yolundan dönməyəcək.

"Biz tam sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olmasının şahidlərinə çevriləcəyimizə ümid edirik" - deyə İran prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti