...

QAT Azərbaycan ictimaiyyətini erməni güləşçilərinin Bakıya gəlməsinin qarşısını almağa çağırır

Siyasət Materials 10 Sentyabr 2007 18:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /Qarabağ Azadlıq Təşkilatı (QAT) Azərbaycan ictimaiyyətini erməni güləşçilərinin Bakıya gəlmələrinə qarşı çıxmağa, məşqçiləri, güləşçiləri, hakimləri bu çempionatda iştirakdan imtina etməyə çağırır. Bu barədə bazar ertəsi QAT-ın yaydığı bəyanatda bildirilib.

Sentyabrın 17-dən 23-nə qədər Bakıda güləş üzrə dünya çempianatı keçiriləcək. Çempionatda erməni güləşçiləri və onları müşahidə edəcək azarkeşlər iştirak edəcəklər.

"Biz bu çempionatda ermənilərin iştirak etməsinin qarşısını almaq üçün hər şeyi edəcəyik", -deyə QAT-ın bəyanatında bildirilib.

Təşkilat hesab edir ki, ermənilərin Bakıda keçiriləcək güləş üzrə dünya çempionatında iştirak etmək niyyəti xoş məramdan deyil, çirkin planlardan xəbər verir: "Azərbaycanın hər bir idmançısı, birinci növbədə güləşçilər, ermənilərin bu çempionatda iştirakına yol verməməli, Azərbaycanın idman tarixinə rüsvayçı bir səhifənin yazılmasına razı olmamalıdırlar".

Qeyd edək ki, Qarabağın erməni işğalçılarından azad olunması üçün ictimai mübarizəni təşkil etmək məqsədilə 28 yanvar 2000-ci ildə Bakıda Qarabağ Azadlıq Təşkilatı yaradılıb. Təsis qurultayında tarix elmləri namizədi, dosent Akif Nağı QAT-ın sədri seçilib. QAT öz sıralarında ölkənin tanınmış ziyalılarını, qaçqın və məcburi köçkünləri, ağsaqqalları, gəncləri, keçmiş döyüşçüləri, ehtiyatda olan yüksək rütbəli zabitləri, həmçinin əhalinin digər sosial təbəqələrinin nümayəndələrini birləşdirir. Hazırda QAT-ın Azərbaycan üzrə rayon, şəhər, çadır düşərgələrində 74 yerli şöbəsi, o cümlədən Türkiyə, İran, Rusiya, İsveç, Almaniya, Fransa, Kanada, Estoniya, İraq və digər ölkələrdə təmsilçiləri fəaliyyət göstərir. Təşkilatın 10 min nəfərdən artıq rəsmi üzvü var.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ilin may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub. Buna baxmayaraq, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəşkəs tez-tez pozulur.

Xəbər lenti

Xəbər lenti