...

Aktrisa Vəfa Zeynalova türk və hollandiyalı aktyorlarla bir səhnədə

Cəmiyyət Materials 18 Dekabr 2007 23:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/müx. TrendLife Günel Əhmədova/ "Qızlar" serialı ilə kino fəaliyyətinə yeni səhifə açan aktirsa Vəfa Zeynalova gələn ay Türkiyədə ekranlaşdırılacaq bədii filmdə əsas rollardan birini oynamağa hazırlaşır. Fikirlərini TrendLife-a bölüşən aktrisa dedi ki, bu, türk kinematoqrafiyasında onun ilk işi hesab olunmur. "Ahu qızı" serialında rol alan aktirsa sonralar bu fəaliyyətindən imtina etdiyini söylədi və bunun səbəblərini açıqladı:

-Azyaşlı uşaq anasından uzaq qala bilmədiyi kimi mən də Vətəndən kənarda yaşaya bilmirəm. Serialın çox zaman aparıcağını öyrənəndə təkidlə orada qala bilməyəcəyimi söylədim. Türk kinematoqrafiyasının belə bir qanunu var - əgər film uğur gətirərsə, onun bölmələrinin sayı artırılır, əks təqdirdə filmi müəyyən sonluqla dayandırırlar. Sözügedən filmin bu baxımdan şansı gətirmişdi və mənim orada qalmağım tələb olunurdu. Yaradıcı heyət başa düşdü ki, hər hansı şərtlərlə məni orada saxlaya bilməyəcəklər, məcbur qalıb oynadığım obrazın taleyini qaranlıq saxladılar və mən geri qayıtdım. Uzun fasilədən sonra "Trio"ya dəvət almışam. Əvvəlcə bu da serial şəklində nəzərdə tutulsa da, sonradan bədii film ölçüsünə gətirildi.

- Film hansı janrdadır və yaradacağınız obrazda necə təqdim olunursunuz?

- Mənə türk mafiyası başçısının qızının obrazı həvalə edilib. Filmin süjet xəttinə gəlincə, qeyd edim ki, bədii əsərin əsas xətti iki mafiyanın dost münasibətləri və üçüncünün onlara təsiri üzərində qurulub. Süjetə görə, mən və dost mafiyada çalışan gənc oğlanla bir-birimizi sevirik. Amma üçüncü mafiyanın ortaya çıxması bizim münasibətlərimizdən də yan ötmür. Lakin süjet barədə daha geniş danışmaq hüququm yoxdur.

-Filmə daha hansı ölkənin aktyor heyəti çəkiləcək?

-Hollandiyadan beş aktyor dəvət olunub. Onların kimliyi bildirilməsə də, Hollivud ulduzları olduğu söylənilir.

- Filmin çəkilişləri nə vaxt başlayır?

- Əvvəla qeyd edim ki, "Trio" "Sabah" kino şirkətinin istehsalı olacaq və filmin çəkilişlərinin gələn ay başlayacağı nəzərdə tutulub. Mənim yaradıcılıq səfərim dekabrın sonlarına təsadüf edəcək. Həmin tarixdə yaradıcı qrupun görüşü keçiriləcək və ilkin səhnələrin məşqləri aparılacaq. Onu da qeyd edim ki, filmin rejissoru mənim yaradıcı imkanalarımla əvvəlki serialda tanış olub və bu səbəbdən kastinqlərdə iştirak etməmişəm.

- "Trio" "Qızlar"serialının çəkilişlərinə mane olmayacaq?

- Payıma düşən bir neçə serialın çəkilişləri əvvəlcədən aparılacaq. Hazır kadrlar efirdə yayımlandığı ərəfədə mən qonşu ölkədə nəzərdə tutulan yaradıcılıq işinin öhdəsindən gələcəm. Sizə belə bir etiraf etmək istəyirəm: türk filmlərində çəkilməyimi qeyri-adi göstərici hesab etmirəm. Dəfələrlə qonşu ölkədən məşhur seriallarda çəkilmək üçün təkliflər almışam. Amma bu cür parlamağın mənim üçün çətin olduğunu nəzərə alıb təklifi dəyərləndirməmişəm. Çünki qeyd etdiyim kimi vətəndən uzaqda yaşamağı həyatımın ən əzablı günləri hesab edirəm. "Qızlar" serialına gəlincə, qeyd edim ki, oynadığım obrazla xarakterim arasında oxşarlıqlar çoxdur. Əlavə edim ki, qarşıdakı seriallar daha maraqlı olacaq və tamaşaçının bu gün aça bilmədiyi bəzi məqamlar üzə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti