...

Mətbuat Şurası həbsdə olan 7 jurnalistin əfvi üçün prezidentə müraciət edib

Cəmiyyət Materials 24 Dekabr 2007 16:56 (UTC +04:00)
Mətbuat Şurası həbsdə olan 7 jurnalistin əfvi üçün prezidentə müraciət edib

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan Mətbuat Şurası həbsdə olan yeddi nəfər jurnalistin əfv olunması üçün prezident İlham Əliyevə müraciət ünvanlayıb. Bu barədə bazar ertəsi Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib. Müraciətdə bildirilir ki, həbsdəki jurnalistlərin əfvi Azərbaycanda söz və mətbuat azadlığına, insan hüquqlarına sayğının daha bir nümunəsi ola bilər. Həmçinin deyilir ki, Amaşov müraciət ünvanlamazdan əvvəl, həbsdə olan jurnalistlərin bir qrupu ilə cəzaçəkmə müəssisələrində görüşüb. Söhbətlər zamanı onların saxlanma şəraitləri, əfvə münasibətləri öyrənilib. Bütün bunların nəticəsi olaraq, Mətbuat Şurası adından məhbus həyatını yaşayan media təmsilçilərinin müstəsna hal kimi azadlığa buraxılmaları üçün ölkə prezidentinə müraciət göndərilməsi qərarlaşdırılıb.

Hazırda Azərbaycanda 9 nəfər jurnalist həbsdədir, onlardan 8-i məhkum, biri təqsirləndirilən şəxsdir. Mətbuat Şurası onlardan yeddisinin - "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiev, "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, "Azadlıq" qəzetinin əməkdaşı Sakit Zahidov, "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Tafiq Tağının əfv olunmasını xahiş edib.

Amaşov bildirib ki, "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid və "Bizim yol" qəzetinin əməkdaşı Müşfiq Hüseynovun işi ilə bağlı hələ məhkəmə hökmü çıxarılmadığı üçün, onların adı Şuranın müraciətinə daxil edilməyib.

Xəbər lenti

Xəbər lenti