...

Azərbaycanda QİÇS xəstəliyinin epidemiya halını alması təhlükəsi yaranıb

Cəmiyyət Materials 20 Fevral 2008 17:32 (UTC +04:00)
Azərbaycanda QİÇS xəstəliyinin epidemiya halını alması təhlükəsi yaranıb

Azərbaycan, Bakı, 20 fevral / Trend İ.Əlizadə/ Azərbaycanda QİÇS xəstəliyinin epidemiya halını alması təhlükəsi yaranıb. "QİÇS xəstəliyi əsasən narkomanlar və məhbuslar arasında yayılıb", -deyə çərşənbə günü BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə bürosunun milli koordinatoru Arzu Quliyeva bildirib.

Milli Məclisin Sosial siyasət daimi komissiyasının çərşənbə günü keçirilən iclasında "Narkotik istifadəçiləri və məhbuslar arasında QİÇS xəstəliyinin profilaktikasına dair" regional layihənin yekunları müzakirə olunub.

Quliyeva qeyd edib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə bürosu Mərkəzi Asiya və Azərbaycanda QİÇS-in yayılmasının qarşısını almaq üçün xüsusi layihə həyata keçirir. Layihə beş il müddətində həyata keçiriləcək.

"QİÇS-in yayılmasının qarşısını almaq üçün qanunvericilikdə olan çatışmazlıqlar aradan qaldırılmalıdır", -deyə Quliyeva əlavə edib.

Komissiyanın sədri Hadı Rəcəblinin sözlərinə görə, statistik məlumatlar onu göstərir ki, Azərbaycanda QİÇS xətəliyinə yoluxanların sayı ildən - ilə artır: "Azərbaycanda bu xəstəliyin qarşısını almaq üçün çox iş görülməlidir".

BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət Proqramının milli koordinatoru Məzahir Əfəndiyev bildirib ki, 2005-ci ilə olan məlumata görə, narkotiklərdən istifadə edən məhbusların 70% QİÇS-ə yoluxub. 2006-cı ildə bu rəqəm 53 %, 2007-ci ildə isə, 63% təşkil edib.

Əfəndiyevin sözlərinə görə, narkotikləri qanunsuz saxlamaqda, daşımaqda və satmaqda ittiham olunan məhbusların əksəriyyəti həm də narkotik istifadəçiləridir: "Onlar məhkum olunaraq həbsxanalara göndərilirlər. Lakin həbsxanalarda onları müailcə etməyə imkan yoxdur".

O qeyd edib ki, Ədliyyə Nazirliyinin Müalicə Müəssəsində narkomanların müalicəsi üçün 120 çarpayılıq yer nəzərdə tutulub.

"Lakin həbsxanalarda olan narkomanların sayı bundan ən azı üç dəfə çoxdur".

Xəbər lenti

Xəbər lenti