Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Nazirlər Kabineti prezident sərəncamı ilə təsdiqlənmiş "2007-2015-ci illərdə gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə, xaricdə təhsil alacaq gənclərin seçim qaydalarını təsdiq edib. Qərara əsasən, xarici ölkələrdə bakalavr, magistr, elmlər namizədi, elmlər doktoru dərəcəsi almaq istəyən iddiaçıların seçilməsi Təhsil Nazirliyi tərəfindən aparılır və bu seçim Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunur. Bu barədə cümə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilib ki, prezident sərəncamına əsasən, 24 xarici dövlətin ali məktəblərində bakalavr pilləsi üzrə təhsil almaq imkanı nəzərdə tutulub: Almaniya - 28 ali məktəb, Avstraliya - 21 ali məktəb, Avstriya - 9, Böyük Britaniya - 40, Belçika - 6, Çin -11, İrlandiya - 4, İspaniya - 9, İtaliya - 19, İsveçrə - 10, İsveç - 11, Cənubi Koreya - 8, Kanada - 15. və s.
Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə sənaye, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq, xidmət, dövlət idarəetməsi prioritet sahələrdir.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]