...

Azərbaycan klubunun arzuladığı "Qalatasaray"ın futbolçusu digər türk klubuna keçə bilər

Cəmiyyət Materials 10 İyun 2008 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" klubunun transfer etmək istədiyi Türkiyənin məşhur futbolçusu Hakan Şükür ölkəsinin digər klubu "Sivasspor"a keçə bilər. Bu barədə çərşənbə axşamı Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Odyakmaz, Hakan Şükürün Sivasa gəlməsinin sürpriz olmayacağını söyləyib. Baş məşqçi Bülənt Uyğun isə Hakan Şükürə qapılarının hər zaman açıq olduğunu ifadə edib.

Azərbaycan milli komandasının yarımmüdafiəçisi İlqar Qurbanov da "Sivasspor"un şərəfini qoruyur. Həmyerlimiz bu kluba 2007-ci ilin iyulunda məhz "Xəzər-Lənkəran"dan transfer olunub.

Digər tərəfdən, Türkiyə Superliqasında uğurla çıxış edərək UEFA İntertoto kubokunda çıxış etmək hüququ qazanan "Sivasspor" çoxsaylı transferlər etmək niyyətində deyil. Mecnun Odyakmaz transferdən çox zədəli oyunçularının düzəlməsi və gələn mövsüm heyətdə yer almaları üçün çalışdıqlarını qeyd edərək, "Hakan Şükürlə Bülənt Uyğun iki yaxşı dostdurlar. Bunun üçün də Hakan Şükürün "Sivasspor"a gəlməsi sürpriz olmaz", - deyə bildirib.

Azərbaycanın futbol üzrə ölkə kubokunun sahibi olmuş "Xəzər-Lənkəran" isə Hakan Şükür uğrunda mübarizəni buraxmaq fikrində deyil. İndiyə qədər Türkiyə yığmasının ən güclü futbolçularından olan Oktay Dərəlioğlu kimi futbolçunu Lənkərana gətirməyə nail olmuş cənublular Hakana da rənglərini bağışlamaq istəyirlər.

"Xəzər-Lənkəran" futbol klubunun fəxri prezidenti "Palmali" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovdur. Hakan Şükürə olunmuş maliyyə təklifinin birbaşa ondan gəldiyi deyilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti