Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov hesab edir ki, Albaniya millisi əvvəlki illərlə müqayisədə çox güclənib.
"Albaniyaya qarşı keçirdiyimiz üç oyunun hamısında iştirak etmişəm. Bu komanda əvvəlki illərlə müqayisədə çox güclənib. Biz albanların Portuqaliya millisi ilə oyununun videoyazısını izləmişik. Rəqibimiz 0:0 hesabı ilə başa çatan bu görüşdə çox yaxşı təsir bağışladı", çərşənbə günü Trend -a Sadıqov deyib.
Azərbaycanla Albaniya arasında yoldaşlıq oyunu bu gün, saat 20.00-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Azərbaycan yığması ilə Albaniya arasında əvvəllər keçirilən üç oyunun hamısında albanlar qələbə qazanıb.
Yığmanın kapitanı bildirib ki, Albaniya ilə görüşdə qələbə qazanaraq, azarkeşlərə Lixtenşteynlə oyunu unutdurmağa çalışacaqlar.
"Lixtenşteyenlə oyunda azarkeşlərimiz bizdən qələbə gözləsə də, görüş heç-heçə başa çatdı. İnşallah, Albaniya ilə oyunda qələbə qazanmaqla azarkeşlərin borcundan çıxmağa çalışacağıq", - deyə futbolçu əlavə edib.
Bu ilin sentyabr ayında Bakıda keçirilən DÇ-2010-nun seçmə oyununda Azərbaycan yığması Lixtenşteynlə görüşdə qələbə qazana bilməyib (0:0).
Sadıqov deyib ki, Albaniya ilə oyundan əvvəl Azərbaycan yığmasının düşərgəsində əhval-ruhiyyə çox yüksəkdir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]