Azərbaycan, Bakı, 17 may / Trend müxbir D.İbrahimova/ Doğma azarkeşlər qarşısında çıxış etmək böyük məsuliyyət tələb edir. Bunu Bakıda keçirilən brifinqdə Azərbaycanın yeniyetmələrdən ibarət bədii gimnastika üzrə yığmasının məşqçisi Marianna Vasileva deyib.
"Altı ay öncə biz komandanı yığanda, qızlara "irəlidə olduğumuzu göstərməliyik" sözlərini demişdik ", - deyə Vasileva bildirib.
Azərbaycan yığması yeniyetmələr arasında keçirilən bədii gimnastika üzrə Avropa Çempionatında ikinci yeri tutub. Birinci yerə rusiyalı gimnastlar layiq görülüb. Üçüncü yeri isə Belarus yığması tutub.
Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının heyətinə Abbasova Səbinə, Əbdülsəlimova Nigar, Xələfova Aelita, Məhərrəmova Lalə, Məmmədova Kamilə və Jidkova Yevgeniya daxildir.
Mayın 15-də Bakıda Bədii Gimnastika üzrə 25-ci Avropa çempionatı start götürüb. Yarışın təşkili məsuliyyətini öz üzərinə Azərbaycan Gimnastika Federasiyası götürüb. Yarışlarda 32 ölkədən 186 gimnast iştirak edib.