...

Azərbaycanda baş prokurorun səlahiyyət müddətinin uzadılması bu gün müzakirə predmeti deyil - millət vəkili

Cəmiyyət Materials 22 May 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , müxbir, K.Zərbalıyeva /

Azərbaycanda baş prokurorun səlahiyyət müddətinin uzadılması bu gün müzakirə predmeti deyil. Trend -un məlumatına görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynov cümə günü "Avropa Məhkəməsinin president hüququnun Azərbaycan məhkəmələrində tətbiqi" mövzusunda keçirilən konfransda bildirib.

"Baş prokurorun səlahiyyət müddətinin uzadılması təşəbbüsü ilə bir millət vəkili çıxış edib. Hazırda bu məsələ müzakirə predmeti deyil və Milli Məclisdə bununla bağlı hər hansı qanun layihəsi hazırlanmayıb",-deyə Hüseynov vurğulayıb.

Trend -un arayışı: Azərbaycan Konstitutsiyasının 133-cü maddəsində qeyd olunub ki, baş prokuroru Prezident MM-in razılığı ilə vəzifəyə təyin edir və vəzifədən azad edir

"Prokurorluq haqqında "qanunun 16-cı maddəsinin tələbinə görə, baş prokurorun səlahiyyət müddəti  5 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən baş prokuror təyin oluna bilməz.

Azərbaycanın baş prokuroru Zakir Qaralov ikinci dəfədir bu səlahiyyəti həyata keçirir və 2010-cu ilin aprelində onun bu vəzifədə fəaliyyət müddəti başa çatır.

Azərbaycanda ombudsmanın səlahiyyət müddətinin artırılması ilə bağlı  60-dan artıq deputat Milli Məclisə müraciət edib.

Komitə sədri Hüseynov bildirib ki, "Ombudsman haqqında" qanun qəbul edilərkən bu institutun Azərbaycanda yeni formalaşdığı səbəbindən ombudsmanın təyinatı ilə bağlı qanunda məhdudiyyət nəzərdə tutulmuşdu.

Ombudsman Elmira Süleymanovanın səlahiyyət müddəti bu ilin iyulunda başa çatır. Onun səlahiyyəti başa çatandan sonra prezident parlamentə üç namizədin adını təqdim etməli, Milli Məclis də onlardan birini təsdiqləməlidir. Hazırda ombudsman bir dəfə və yeddi il müddətinə seçilir.

Bu barədə Konstitusiya qanunu 95 səs çoxluğu ilə qəbul edilir, 6 aydan sonra isə təkrar səsverməyə çıxarılır. Qanun yalnız təkrar səsvermədə qəbul edildikdən sonra qüvvəyə minir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti