...

Azərbaycanda ekstremal situasiyalarla bağlı hazırlanacaq tövsiyələr telekanallar tərəfindən yerinə yetirilməlidir – şura sədri

Cəmiyyət Materials 2 İyun 2009 16:11 (UTC +04:00)
Azərbaycanda ekstremal situasiyalarla bağlı hazırlanacaq tövsiyələr telekanallar tərəfindən yerinə yetirilməlidir – şura sədri

Azərbaycan, Bаkı, 02 iyun / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın Milli Televiziya və Radio Şurasının (MTRŞ) ekstremal situasiyalarda televiziyalarda informasiyaların yayılması ilə bağlı hazırlayacağı tövsiyələr məcburi xarakter daşımasa da, televiziyaların onları yerinə yetirməməsi mümkün olmayacaq.

"Tövsiyələr normativ hüquqi akt xarakteri daşımasa da, müvafiq qanunvericiliyə uyğun hazırlanacağından, televiziyaların onları yerinə yetirməməsi mümkün olmayacaq", - çərşənbə günü Trend -a Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: Aprelin 30-da saat 09.30 radələrində Azərbaycan Dövlət Neft Akademiyasının Bakı şəhəri Dilarə Əliyeva küçəsi 227 saylı ünvanda yerləşən "Qaz Neft Mədən" və "Neft Mexanikası" fakültələrinin yerləşdiyi ikinci korpusa daxil olan naməlum şəxs inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan hər bir kəsə "Makarov" tipli tapançadan atəş açıb.

Atəş nəticəsində 12 nəfər ölüb, 13 nəfər isə yaralanıb. Yaralılardan 3-ü artıq evə buraxılıb.

Hadisəni törətmiş şəxs 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğludur. Polis tərəfindən zərərsizləşdirildiyini görən cinayətkar özünü öldürüb.

Onun üzərindən hər biri 40 güllə tutumlu və içərisində 71 güllə olan xüsusi üsulla hazırlanmış 3 ədəd patrondaş, 2 tapança sandıqçası aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Mayın 1-də şübhəli şəxs qismində saxlanılan 1984-cü il təvəllüdlü Əliyev Nadir Şirxan oğlu Qədirov Fərda Əsəd oğlunun həmkəndlisi və onunla yaxın münasibətlərdə olub.

Məhərrəmlinin sözlərinə görə, əqli və fiziki cəhətdən problemi olan uşaqların və yeniyetmələrlə bağlı verilişlərin yayılması üçün qadağalar var.

"Buna görə də artıq bizim qaydalarımıza belə bir bənd əlavə olunub ki, öldürülmüş insan cəsədləri, qanla müşayiət olunan kadrlar, qəddarlıq və zorakılıq səhnələri axşam saat 23:00-a qədər göstərilməməlidir. Əgər buna əməl etmirlərsə, deməli telekanallar qaydaları pozurlar", - Məhərrəmli deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti