Azərbaycan, Bakı, 01 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /
"Xalq qəzeti"nin keçmiş baş redaktoru Ali Məhkəməyə müraciət edib.
"Yeni Müsavat" qəzetinin köşə yazarı, keçmiş baş redaktor Mahal İsmayıloğlu çərşənbə axşamı Trend -a bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasının qərarından kassasiya şikayəti verib.
İsmayıloğlu bildirib ki, Ali Məhkəməyə müraciətində Bakının Abşeron rayon məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayəti üzrə keçirilən hazırlıq iclasının qərarının ləğv olunması və prosesin tam məhkəmə istintaqının aparılması ilə keçirilməsini tələb edir. Bu səbədən də apellyasiya şikayətinə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.
Trend -un arayışı: İsmayıloğluna qarşı cinayət işi onun qonşuluğunda çalışan xadimənin şikayəti əsasında qaldırılıb. Keçmiş baş redaktor Cinayət Məcəlləsinin qəsdən sağlamlığa yüngül zərər vurma (128) maddəsi ilə ittiham olunur. Zərərçəkən kimi tanınan Nəsibə Nuruş qızı jurnalistin ona fiziki təzyiq yetirdiyini və mənəvi təhqirə məruz qoyduğunu iddia edir.
İsmayıloğlu özü isə hesab edir ki, cinayət işi siyasi sifarişdir, onu hökuməti tənqid edən məqalələr yazdığına görə cəzalandırmaq istəyirlər.
Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]