Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir C.Babayeva /
Gürcüstan azərbaycanlıları onlar üçün Rusiya-Azərbaycan quru sərhədinin bağlı elan olunmasından narahatdırlar.
"Gürcüstan azərbaycanlıları bu xəbəri böyük narahatçılıqla qarşıladılar. Çünki onlar Rusiyada olan qohumları tərəfindən dəvət olunarkən Azərbaycan vasitəsilə bu ölkəyə gedirdilər. Azərbaycandan quru sərhəd vasitəsilə Rusiyaya gediş-gəlişin qadağan olunması Gürcüstan azərbaycanlılarının sıxıntılarını artırır",- cümə axşamı Trend -a Gürcüstan azərbaycanlılarının "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov Tbilisidən telefonla bildirib.
Trend -un arayışı: Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Gürcüstan MDB-ni tərk etdiyinə görə, bu ölkənin vətəndaşları Rusiyaya Azərbaycan quru sərhədindən keçərək gələ bilməzlər.
Əsgərovun sözlərinə görə, bu qadağadan sonra Gürcüstan azərbaycanlılarının müəyyən qisminin Rusiya ilə əlaqələri tamamilə kəsiləcək. "Gürcüstan-Rusiya sərhədlərinin bağlı vəziyyəti Gürcüstan azərbaycanlılarının miqrasiyasını sürətləndirmişdi. Rusiya-Azərbaycan quru sərhədinin Gürcüstan vətəndaşları üçün bağlı elan olunması miqrasiyanın bir daha sürətlənməsinə səbəb olacaq", - hərəkat sədri deyib.
O, Gürcüstan azərbaycanlılarının Azərbaycan vasitəsilə Rusiyaya hava nəqliyyatı ilə getməyə imkanlarının olmadığını bildirib. "Hesab etmirəm ki, Gürcüstan azərbaycanlılarının Rusiyaya hava xətti ilə gediş-gəlişi müntəzəm olsun", - Əsgərov bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]