Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir K.Zərbalıyeva/
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, qanunsuz tikilən məscidlərlə bağlı süni ajiotaj yaradılır.
"Azərbaycanda heç bir məscid sökülməyib və sökülməyəcək. Sökülənlər qanunsuz tikililərdir. Bəziləri ibadət yerlərini qanuniləşdirmək əvəzinə süni ajiotaj yaradırlar", - Trend -un məlumatına görə, bunu cümə günü dini icmaların nümayəndələri ilə görüşündə komitə sədri Hidayət Orucov bildirib.
Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi və Neft Daşlarındakı məscid sökülüb.
Orucov deyib ki, "Dini etiqad azadlığı haqqında" qanuna edilən dəyişikliklərdən biri də ibadət yerlərinin tikintisinə komitənin rəy verməsidir.
Komitə sədri həmçinin qeyd edib ki, dini kitabların satışı üçün xüsusi mağazaların yaradılmasına ehtiyac yoxdur.
"Kitab mağazalarının bir hissəsində dini kitablar satıla bilər", - Orucov deyib.