Azərbaycan, Bakı, 12 mart / Trend , müxbir K.Zərbalıyeva/
Bakıda cari ilin 2 ayında ictimai nəqliyyat vasitələrində cibgirliklə bağlı, təxminən, 75-ə qədər fakt müəyyən edilib.
Bakı Şəhər Baş Polis İdarəsində 2010-cu ilin iki ayının yekunları ilə bağlı keçirilən mətbuat konfransında Cinayət-Axtarış İdarəsinin əməkdaşı Samir Qarayev bildirib ki, cinayətlərdən 25-nin üstü açılıb.
İdarə rəsmisinin sözlərinə görə, bu qəbildən olan cinayətlərin sayının minimuma endirilməsi məqsədilə Daxili İşlər Nazirliyi və yerli qurumlar əhali arasında profilaktik və maarifləndirmə tədbirlərini gücləndirib.
Cibgirlərlə sürücülərin işbirliyinə gəlincə isə, Qarayev qeyd edib ki, cibgirlik faktları aşkar edilən zaman dərhal saxlanılan şəxsin sürücülərlə əlaqəsi araşdırılır.
"Aparılan araşdırmalar zamanı məlum olub ki, belə hallar əhalinin daha çox istifadə etdiyi marşrutlarda baş verir. Belə marşrutlardan biri də 123 saylı marşrut avtobuslarıdır. Nəqliyyat Nazirliyi ilə görülən tədbirlər nəticəsində bu marşrutda həmin halların sayı minimuma endirilib", - deyə idarə rəsmisi vurğulayıb.