...

Azərbaycanda 1918-ci ilin Mart hadisələri zamanı ermənilər 700 minə qədər azərbaycanlını qətlə yetirib – AMEA-nın Tarix İnstitutu

Cəmiyyət Materials 30 Mart 2010 13:23 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini deyib ki, ermənilər XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədiblər.
Azərbaycanda 1918-ci ilin Mart hadisələri zamanı ermənilər 700 minə qədər azərbaycanlını qətlə yetirib – AMEA-nın Tarix İnstitutu

Azərbaycan, Bakı, 30 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini deyib ki, ermənilər XX əsrin əvvəllərindən etibarən azərbaycanlılara qarşı soyqırımlar törədiblər.

"1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanmış soyqırım bir neçə gün davam edib. Həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb". - Trend -un məlumatına görə, çərşənbə axşamı hakim Yeni Azərbaycan Partiyasının (YAP) internet saytına AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib.

Trend -un arayışı: 1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.

Bəhramovun sözlərinə görə, 1918-ci il martın 24-də Şaumyanın başçılığı ilə azərbaycanlılara qarşı başlanan soyqırım bir neçə gün davam edib.

"Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. Məsələn, "Azərbaycan" qəzetinin həmin dövrlərdə işıq üzü görən saylarında Mart hadisələri zamanı Bakı və ətraf kəndlərdə 30 mindən artıq azərbaycanlının qətlə yetirildiyi qeyd olunur. Ermənilərin öz nümayəndələrindən biri isə qeyd edir ki, "biz Bakıda 25 min nəfəri qətlə yetirmişik. Bütövlükdə götürəndə, Cənubi Azərbaycanda 150 min nəfər, təkcə Urmiya şəhərində 10 min nəfər qətlə yetirilmişdi", - tarixçi alim əlavə edib.

Onun fikrincə, Mart hadisələri zamanı Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

"Bütövlükdə isə həmin dövrdə Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb. Qeyd edim ki, tarixən qətliamlar törədən ermənilərin arxasında çar Rusiyası, bəzi Avropa dövlətləri və Sovet hökuməti dayanıb", - o vurğulayıb.

Bəhramov deyib ki, bu proses 1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunandan sonra da davam edib.

"1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. Azərbaycanda arxeoloji qazıntılar davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıq üzə çıxacaq. Çünki bu qətliamlar bütün Azərbaycan üzrə kütləvi xarakter alıb. 1930-cu illərə də diqqət yetirsək, bolşevik hökuməti tərəfindən müxtəlif repressiyalar adı altında xalqımız soyqırıma məruz qalıb. Bu proses 1941-1945-ci illər müharibəsində də davam edib. Bu müharibədə Azərbaycandan 700 min nəfər iştirak edib. Onların yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin 70-80 faizi rus dilini bilmirdi. O zaman orduda olan ermənilər, rus şovinistləri əmri yerinə yetirməmək bəhanəsi adı altında azərbaycanlıları güllələyirdilər. Belə olan halda, Azərbaycanın rəhbəri Mircəfər Bağırov vəziyyətə müdaxilə etdi və milli diviziyalar təşkil olundu. Azərbaycanlılar sübut etdi ki, digər xalqlardan da döyüşkəndirlər və müharibədə qəhrəmanlıqlarla bunu sübut etdilər", - direktor müavini xatırladıb.

Xəbər lenti

Xəbər lenti