Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir M.Əliyev/
Suriyanın Ərəb İnformasiya Agentliyi (SANA) və Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyi arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb. Sazişi Trend-in baş direktoru İlqar Hüseynov və SANA-nın baş direktoru Adnan Mahmud imzalayıblar.
Sənədə görə, tərəflər müntəzəm informasiya, analitik materillar, həmçinin, öz ölkələrinin daxili və beynəlxalq həyatına dair aktual fotoşəkillərin mübadiləsini həyata keçirəcəklər. Tərəflər dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinə informasiya dəstəyinin təminatında sıx əməkdaşlıq etmək, həmçinin, beynəlxalq forumlar çərşivəsində məsləhətləşmələr aparmaq niyyətindədir.
SANA və Trend əməkdaşlar arasında təcrübə mübadiləsinə dair əməkdaşlıq haqqında da razılığa gəliblər.
SANA Suriyada milli xəbərlər agentliyidir. 1995-ci ildə Dəməşqdə İnformasiya Nazirliyi çərçivəsində yaradılıb. SANA hər gün ingilis, fransız, ispan və türk bülletenlerı ilə yanaşı, ərəb dilində 500-dən çox xəbər buraxır. Agentlik gün ərzində 150-dən çox foto yayır və multimedia xidmətləri göstərir. SANA-nın bütün dövlət idarələrində reportyorları, Suriyanın 14 əyalətinin hamısında şöbələri var. Həmçinin, digər ərəb və xarici ölkələrdə 40-dən çox müxbiri var.
Trend 1995-ci ildə Azərbaycanda yaradılmış müstəqil informasiya agentliyi və Cənubi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər təchizatçısıdır. Trend hər gün beş dildə - Azərbaycan, ingilis, rus, fars və ərəb dillərində 500-ə yaxın məlumat dərc edir. Trend müştərilərə siyasət və iqtisadiyyat sahəsində aparıcı analitiklər tərəfindən yazılan yüksək keyfiyyətli multimedia materialları və analitik məqalələr təqdim edir.