Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Gənc Tamaşaçılar Teatrında çərşənbə axşamı tovuzlu aşıq Aşıq Nəcəfin (Nəcəf Alı oğlu Hüseynov) anadan olmasının 110 illik yubileyi və "Düşdüm eşqin sevdasına" adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib.
Yubiley tədbirini aparan filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev 46 il ömür sürmüş Aşıq Nəcəfin qısa ömür yolunda boyuk yaradıcılıq irsi qoyduğunu qeyd edib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub ustad aşığın şeirlərini ustadların dilindən, sazın laylasından öyrəndiyini bildirib. "Aşıq Nəcəf o ustad aşıqlardandır ki, onun şeirləri daim yaddaşlarda yaşayır və nəsildən nəslə keçir", - xalq şairi deyib.
Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva Aşıq Nəcəfin həyat və yaradıcılığı barədə danışıb. "Yaradıcılığa erkən yaşlarından başlayan aşığın şeirləri 1926-ci ildə "El aşıqları" tolusunda yer alıb. Aşıq Nəcəf 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub. Dürüst kişi, mərdanə insan, istedadlı aşıq, vergili şair bütün bu mənəvi ünvanlarına layiq ömür sürüb. Onun yaradıcılığı bu gün də, gələcəkdə də öz təravəti, enerjisi, aktuallığı ilə seçiləcək. Çünki Əlimərdanlı Aşıq Nəcəfin mövzuları əzəli-əbədi mözular idi: haqq, gözəllik, sevgi, həsrət misallı", - deyən millət vəkili bildirib.
Paşayeva qeyd edib ki, vətənə bağlılıq, haqq-ədalətə çağırış Aşıq Nəcəf şeirlərinin ana xəttini təşkil edir. "110 il keçməsinə baxmayaraq, o bu gün də qəlblərdə yaşayır, yaradıcılığı sevilir və yaradıcılığına müraciət olunur", - millət vəkili deyib.
Paşayeva vurğulayıb ki, o bir haqq aşığı idi, onun sözü də, özü də mərdlik nümunəsi idi.
O bildirib ki, Aşıq Nəcəf Aşıq Hüseyn Bozalqanlının yetirməsi olub və o şagirdlərdən olub ki, ustadının öyrətdiklərini bütün tamlığı ilə canına, qanına, sözünə, nəfəsinə hopdura bilib.
"Əlimərdanlı Aşıq Nəcəf yazanda da, oxuyanda da, yaxşılıq edəndə də ilahi bir təbiiliklə iş görüb, işinə üfüqünün genişliyi, qəlbinin dərinliyi, könlünün ucalığı, inamının və imanının kamilliyi ilə yanaşıb", - Paşayeva deyib.
Aşığın yubiley gecəsində şairlər onun qoşma, təcnis, gəraylılarını söyləyib, aşıqlar və mügənnilər onun qoşma, təcnis və gəraylılarına yazılmış mahnı və aşıq havalarını ifa ediblər.
Əlimərdanlı Aşıq Nəcəfin "Düşdüm eşqin sevdasına" adlı şeirlər kitabında şairin ustadnamə, gəraylı, qoşma, təcnis, divani, müxəmməs, deyişmə kimi aşıq şeir nümunələri toplanıb. Həmin kitabda sənətkara ithaf olunmuş şeirlər də yer alır.
Ustad aşığın ayrı-ayrı vaxtlarda iki kitabı işıq üzü görüb. Kitabın ön sözünün müəllifi millət vəkili Qənirə Paşayeva, toplayıb tərtib edəni Bağman Baba, rəyçi filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir.
Aşıq Nəcəf 1900-cü ildə Tovuzun Əlimərdanlı kəndində anadan olub. O, II Dünya müharibəsinin iştirakçısı olub, müharibə zamanı sağ gözünü itirib. 12 sentyabr 1946-cı ildə vəfat edib.