...

Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq tarix məlum olub

Cəmiyyət Materials 26 Aprel 2010 16:04 (UTC +04:00)
İnsan Haqları üzrə Avropa Məhkəməsindəki Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bazar ertəsi Trend-ə bildirib ki, Laçından olan məcburi köçkün Çıraqov və digərlərinin işinə sentyabrın 15-də baxılacaq.
Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq tarix məlum olub

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Məhkəməsində azərbaycanlı məcburi köçkünlərin Ermənistana qarşı şikayətinə baxılacaq tarix müəyyən edilib.

İnsan Haqları üzrə Avropa Məhkəməsindəki Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bazar ertəsi Trend-ə bildirib ki, Laçından olan məcburi köçkün Çıraqov və digərlərinin işinə sentyabrın 15-də baxılacaq.

İşğal olunmuş Laçın rayonundan məcburi köçkün düşmüş Çıraqov və digər 5 nəfər tərəfindən Ermənistana qarşı şikayətlə bağlı Azərbaycan dövlətinin mövqeyi Avropa Məhkəməsinə təqdim olunub.

Səlahiyyətli nümayəndə qeyd edib ki, Ermənistana qarşı Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün düşmüş vətəndaşlar tərəfindən Avropa Məhkəməsində baxılacaq işlərdə Çıraqov və digərlərinin işi ilə bağlı qərar pilot qərar kimi rəhbər tutulacaq və digər şikayətlərə də eyni qaydada baxılacaq.

Şikayətdə Azərbaycan vətəndaşları mülkiyyət hüquqlarının pozulduğunu iddia edirlər və kompensasiya ödənilməsini tələb edirlər.

Laçın rayonu 17 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub və 67 min laçınlı məcburi köçkün düşüb.

Əsgərov bildirib ki, həmin gün Minas Sarkisyanın Azərbaycana qarşı şikayətinə də baxılacaq.

Xəbər lenti

Xəbər lenti