Azərbaycan, Bakı, 19 iyun /Trend/
Futbol üzrə dünya çempionatının II turu çərçivəsində İngiltərə və Əlcəzair yığmalarının qarşılaşmasında qolsuz bərabərlik qeydə alınıb. Rəqiblərindən heç də zəif təsir bağışlamayan əlcəzairlilər bir neçə dəfə qol epizoduna da yaxın olublar. İlk xalını qazanan Əlcəzair yığması növbəti mərhələyə çıxmaq üçün şansını saxlayır. Oyunun 58-ci dəqiqəsində Ceymi Karriger (İngiltərə), 85-ci dəqiqədə isə Mehdi Lacen (Əlcəzair) sarı kart alıblar.
Turun ən gərgin matçı isə Almaniya və Serbiya yığmaları arasında qeydə alınıb. Oyun ərzində futbolçulara 1 qırmızı, 9 sarı kart göstərilib. 37-ci dəqiqədə qırmızı kart alan almaniyalı Miroslav Kloze komandasını çətin vəziyyətdə qoyub. Bundan 1 dəqiqə sonra Milan Jovanoviç almanların qapısına yol tapa bilib. Oyunun ikinci hissəsində isə Lukas Podolski serblərin qapısına təyin olunmuş 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib. Matç bütövlükdə almanların üstünlüyü ilə keçsə də, Serbiya yığması qapısını qoruya bilib.
Sloveniya-ABŞ matçı qolların bolluğu ilə yadda qalıb. Slovenlərin 2 top üstünlüyü ilə önə keçmələrinə (13' Valter Birsa, 42' Zlatan Lyubiyankiç) baxmayaraq, amerikalılar ikinci hissədə bərabərliyi təmin edə biliblər (48' Landon Donovan, 82' Mixael Bredli). Son dəqiqələrdə ABŞ yığması 3-cü topu vursa da, hakim qolu qeydə almayıb.
Turun növbəti oyunları:
16:30 Niderland - Yaponiya
19:00 Qana - Avstraliya
23:30 Kamerun - Danimarka