Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir M. Əliyev/
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə 5-7 iyul tarixlərində Azərbaycanın Qəbələ rayonunda biomüxtəliflik üzrə BMT Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədilə konfrans keçiriləcək. Bu barədə cümə günü ETSN-dən Trend-ə bildiriblər.
"Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması" mövzusunda keçiriləcək seminarda 4 sessiyada - Şərqi Avropa və Mərkəzi Asiyada biomüxtəliflik; Şərqi Avropa və Mərkəzi Asiya regionlarında biomüxtəlifliyin qorunması; ekosistemlərin və biomüxtəlifliyin iqtisadiyyatı; regional və milli səviyyədə biomüxtəliflik üzrə fəaliyyətin planlaşdırılmasına aid müzakirələr aparılacaq.
7 iyul tarixində isə "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması" mövzusunda konfrans keçiriləcək.
Nazirlər səviyyəsində keçiriləcək görüşün məqsədi 2010-cu il sentyabr ayında Nyu-Yorkda təşkil olunacaq BMT-nin Baş Assambleyasına Avropa regionunun töhfəsinin verilməsidir.