...

Azərbaycan hökuməti immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkənin hüdudlarından kənara çıxarılma qaydalarını təsdiq edib

Cəmiyyət Materials 6 İyul 2010 13:39 (UTC +04:00)
Azərbaycanın Nazirlər Kabineti "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nı təsdiq edib.
Azərbaycan hökuməti immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkənin hüdudlarından kənara çıxarılma qaydalarını təsdiq edib

Azərbaycan, Bakı, 6 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Nazirlər Kabineti "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nı təsdiq edib.

Nazirlər Kabinetindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, bu qaydalar immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydalarını müəyyən edir.

İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında qanunvericiliyin tələblərini kobud surətdə pozduqda, Azərbaycan Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin və ya məhkəmənin qərarı əsasında Azərbaycanın hüdudlarından kənara çıxarıla bilərlər.

İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər insan alverindən zərər çəkmiş hesab olunduqda, onlar barəsində 1 il müddətində Azərbaycanın hüdudlarından kənara çıxarılma tətbiq edilmir və qanunvericiliklə müəyyən olunmuş qaydada qeydiyyata alınırlar. İnsan alverinin qurbanı olmuş uşaqlar barəsində Azərbaycanın hüdudlarından kənara çıxarılma tətbiq edilmir. Şəxsiyyətlərini müəyyən etmək mümkün olmayan insan alveri qurbanları Azərbaycanın hüdudlarından kənara çıxarılırlar.

İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədləri olmadıqda (itirildikdə, gizlədildikdə və s.), Dövlət Miqrasiya Xidməti və ya Daxili İşlər Nazirliyi ilə xarici ölkələrin səlahiyyətli dövlət qurumları arasında müvafiq razılaşma olduğu təqdirdə birbaşa, bütün digər hallarda isə Xarici İşlər Nazirliyi vasitəsilə müraciət olunaraq, müvafiq sənədləşmə işləri aparılır və onların şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılma haqqında qərar qəbul edilməzdən əvvəl, immiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyəti haqqında məlumatların dəqiqləşdirilməsi üçün "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (bundan sonra - İAMAS) və ya vahid miqrasiya məlumat sistemi çərçivəsində səlahiyyətlər daxilində sorğular verilir və müvafiq məlumatlar alınır.

İmmiqrant statusu olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən onların Azərbaycanın hüdudlarından kənara çıxarılması haqqında qəbul olunmuş qərarda müəyyən edilmiş müddətdə (48 saat) Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənaraçıxarılma haqqında qərar qəbul edilmiş immiqrant statusu olmayan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkə hüdudlarından kənara məcburi çıxarılması bir neçə istiqamətdə həyata keçirilir; əcnəbi - vətəndaşı olduğu ölkəyə; vətəndaşlığı olmayan şəxs - bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə; ikili vətəndaşlığı olan şəxs - daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə.

Xəbər lenti

Xəbər lenti