Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən hərbi hissəsində 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən silahlı insidentlə bağlı cinayət işi üzrə hazırlıq iclası avqustun 13-də başlayacaq.
Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədən cümə günü Trend-ə verilən məlumata görə, hərbi hissənin zabitləri - Vələd Qurbanov, Rüstəm Əhmədov, Əli İmanov, Fuad Mütəllimov və Vazeh Babayev Cinayət Məcəlləsinin rüşvətalma, rüşvətvermə, hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncə vermə, hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə cinayətlərində ittiham olunaraq bu iş üzrə məhkum olunublar.
Prosesə hakim Rəşid Hüseynov sədrlik edəcək.
Bu il yanvarın 28-də Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissədə silahlı insident baş verib.
Hərbi hissədə əsgərlər - 20 yaşlı Elxan Əzizov və 19 yaşlı Sadiq Məmmədov avtomat silahdan atəş açaraq, zabitlər - Gümayev Yusif Sadəddin oğlu, Sadıxov Vasif Miraləm oğlu, Quliyev Anar Ələddin oğlu və Səmədov Elgün Loğman oğlunu qətlə yetirib, Babayev Valeh Məhəmməd oğlu və Abbasov Samir Eyvaz oğlunu yaralayıblar.
Sonra əsgərlər özlərini də güllələyərək öldürüblər.
Əsgərlər özlərini öldürdükləri üçün cinayət işinin onlarla bağlı hissəsinə xitam verilib.