...

Azərbaycanın yol polisi avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq edib (ƏLAVƏ OLUNUB-2)

Cəmiyyət Materials 5 Noyabr 2010 15:22 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, hər il yanvarın 1-dən oktyabrın 31-dək respublikada nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.
Azərbaycanın yol polisi avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq edib (ƏLAVƏ OLUNUB-2)

RED. əlav.: Texniki baxışdan keçməyən nəqliyyat vasitəsi saxlanılarkən görülən tədbirlər barədə 10-cu abzasdan sonra məlumat əlavə olunub

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi avtomobillərini texniki baxışdan keçirməyən sürücülərə xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev cümə günü Trend-ə bildirib ki, hər il yanvarın 1-dən oktyabrın 31-dək respublikada nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilir.

Şöbə rəisi qeyd edib ki, oktyabrın 31-dən sonra da nəqliyyat vasitələri texniki baxışdan keçiriləcək.

"Sürücülər və nəqliyyat vasitələrinin sahibləri müəyyən edilmiş müddətdə avtomobilləri texniki baxışdan keçirmədikləri üçün inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar", - Əliyev vurğulayıb.

İnzibati Xətalar Məcəlləsinin 154.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini texniki baxışdan keçirməməyə görə fiziki şəxslər otuz, vəzifəli şəxslər qırx manatdan yetmiş manatadək cərimələnirlər.

Respublika Baş Dövlət Yol Polis İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərdən xahiş edir ki, nəqliyyat vasitələrini texniki baxışa vaxtında və texniki cəhətdən saz vəziyyətdə təqdim etsinlər.

Əliyevin sözlərinə görə, nəqliyyat vasitələrinin sahibləri, eləcə də səlahiyyətli şəxslər onlara məxsus nəqliyyat vasitəsini dövlət texniki baxışına həmin nəqliyyat vasitəsinə 2009-cu ildə verilmiş texniki baxış talonunda göstərilən aydan gec olmayaraq təqdim etməlidirlər. Nəqliyyat vasitələri qeyd olunan müddətdən əvvəl də texniki baxışa təqdim oluna bilərlər.

Bakı şəhərində və Abşeron rayonunda qeydiyyatda olan, fiziki şəxslərə məxsus nəqliyyat vasitələrinin sahibləri nəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Xırdalan-Binəqədi şossesi-4 ünvanında yerləşən Müayinə mərkəzinə və ya Sabunçu rayonu Maştağa şossesində yerləşən Təchizat İdarəsinin Avtomobil Təsərrüfatında fəaliyyət göstərən Müayinə mərkəzinə təqdim etməlidirlər.

Qeyd olunan Müayinə mərkəzləri şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 09:00-dan 20:00-a qədər fəaliyyət göstərir.

Texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs nəqliyyat vasitəsini onu idarə etməyə hüquq verən sənədi, qeydiyyat şəhadətnaməsini, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında şəhadətnaməni və qanunvericiliklə müəyyən edilmiş rüsum və vergilərin ödənilməsi barədə qəbzləri Dövlət Yol Polisinə təqdim etməlidir.

Xətai rayon Yol Polisi Şöbəsinin əməkdaşı, inspektor, polkovnik-leytenant Vaqif Əsədov cümə günü Trend-ə bildirib ki, yol polisi əməkdaşları tərəfindən saxlanılan nəqliyyat vasitəsinin texniki baxışdan keçmədiyi müəyyən olunduqda sürücünün sürücülük vəsiqəsi alınır və barəsində protokol tərtib olunur.

Əsədovun sözlərinə görə, sürücünün digər sənədləri qaydasındadırsa, nəqliyyat vasitəsi sərbəst buraxılır. İnspektor bildirib ki, nəqliyyat vasitəsinin vaxtında texniki baxışdan keçirilməməsinə görə avtomobil cərimə meydançasına aparılmır.

Əsədovun sözlərinə görə, sürücü nəqliyyat vasitəsini texniki baxışdan keçirdikdən, avtomobili vaxtında texniki baxışdan keçirmədiyi üçün müəyyən olunan cəriməni ödədikdən sonra onun sənədi geri qaytarılır.

O bildirib ki, hüquqi şəxslərə məxsus nəqliyyat vasitələri vaxtında texniki baxışdan keçmədiyi halda, həmin müəssisə və təşkilatların rəhbərliyi də inzibati qaydada cəzalandırılırlar.

"Hüquqi şəxslər balanslarında olan nəqliyyat vasitələrini əvvəlcədən təsdiq olunmuş qrafik üzrə ildə 1 dəfə texniki baxışdan keçirməlidirlər. Müəssisə rəhbərliyi avtomobillərin texniki baxışdan keçməsini təmin etməlidir", - Əsədov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti