...

Azərbaycanda məhkumlar arasında əsasən xroniki xəstəliklər aşkarlanıb - Ədliyyə Nazirliyi

Cəmiyyət Materials 19 Noyabr 2010 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda bu ilin 10 ayı ərzində 6 minə yaxın məhkum kütləvi müayinələrdən keçirilib. Bunu cümə günü Trend-ə müsahibəsində Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfail Mehdiyev bildirib.

"Məhkumların tibbi müayinədən keçirilməsində məqsəd xəstəliklərin erkən aşkarlanması və müalicəyə cəlb olunmasıdır. Müayinələr nəticəsində məhkumlarda əsasən xroniki xəstəliklər aşkar edilib. Ehtiyac yarandıqda, diaqnozu dəqiqləşdirmək məqsədilə bəzi məhkumlara əlavə müayinələr tətbiq olunur, məhkumlar müalicə müəssisəsinə köçürülür, orada daha ətraflı müayinələr aparılır. Ehtiyacı olan məhkumlar müalicəyə cəlb olunurlar", - Mehdiyev deyib.

Mehdiyevin sözlərinə görə, müayinələr zamanı, xüsusən də vərəmin erkən aşkarlanmasına diqqət yetirilir.

Kütləvi müayinələr nəticəsində xroniki xəstəlikləri olan bir çox məhkumlar müalicəyə cəlb olunub.

Kütləvi müayinələrdə müasir USM aparatı, kliniki və biokimyəvi analizlər,elektrokardioqramma (EKQ), rəqəmsal rentgen flüoqrafiya müayinəsi, göz dibinin müayinəsi və bir çox digər müasir müayinə cihazları tətbiq olunur.

Cəzaçəkmə müəssisələrində saxlanan məhkumların müalicəsinə Səhiyyə Nazirliyinin mütəxəssislərinin cəlb olunduğunu deyən Mehdiyevin sözlərinə görə, bu tədbirlər məhkumlara göstərilən tibbi xidmətin mülki sektordakı xidmətə yaxınlaşması məqsədini güdür.

"Bu ilin 10 ayı ərzində cəzaçəkmə müəssisələrində 130 məhkuma Səhiyyə Naziliyinin mütəxəssisləri tərəfindən baxış keçirilib. 42 məhkum diaqnozlarının dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin tibb müəssisələrində instrumental müayinə-kompüter tomoqrafiyası, maqnit-nüvə rezonanslı tomoqrafiya, ensefaloqrafiya, exokardoqrafiya və digər müayinələrdən keçirilib. 9 məhkum mülki tibb müəssisələrində müxtəlif həcmli cərrahi əməliyyat olunub. 7 məhkum isə Penitensiar Xidmətin Müalicə müəssisəsində Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə cərrahi əməliyyat olunub", - Mehdiyev deyib.

Mehdiyev qeyd edib ki, QİÇS-li məhkumların müalicəsi ilə əlaqədar 2007-ci ildən cəzaçəkmə müəssisələrində ARV (Anti Retro Virus) terapiyanın tətbiqinə başlanıb və bu il ərzində 70 məhkum ARV terapiyaya cəlb olunub.

"Hepatit B və Hepatit C xəstəlikləri olan məhkumlar da müalicə müəssisəsində müalicəyə cəlb olunurlar", - o deyib.

Mehdiyev bildirib ki, məhkumlar tam həcmli tibbi yardımla təmin edilir və müəssisələr tələb olunan dərmanlarla təchiz olunur.

Məhkumların ailələrinin köməyi ilə dərmanlarla təmin olunması barədə yayılan məlumatlara münasibət bildirən İdarə rəisi qeyd edib ki, məhkumların mülki sektordan istədikləri həkimi dəvət etmək, istədikləri daha bahalı dərmanları ailələri vasitəsilə kənardan əldə etmək hüquqları var və biz məhkumların bu istəyinə qarşı çıxa bilmərik.

Xəbər lenti

Xəbər lenti