...

Bakıda qadağan olunmuş səs siqnallarından istifadə edən sürücülərə qarşı mübarizə sərtləşdiriləcək (FOTO)

Cəmiyyət Materials 31 Yanvar 2011 11:52 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, paytaxt sakinlərinin sağlamlığına mənfi təsir göstərən, nevroloji xəstəliklərin yaranmasına səbəb olan belə pozuntulara yol verən sürücülər ciddi cəzalandırılacaqlar.
Bakıda qadağan olunmuş səs siqnallarından istifadə edən sürücülərə qarşı mübarizə sərtləşdiriləcək (FOTO)

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Bakı şəhər yol polisi qadağan olunmuş səs siqnallarından istifadə edən sürücülərə qarşı mübarizəyə başlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bazar ertəsi Trend-ə bildirib ki, paytaxt sakinlərinin sağlamlığına mənfi təsir göstərən, nevroloji xəstəliklərin yaranmasına səbəb olan belə pozuntulara yol verən sürücülər ciddi cəzalandırılacaqlar.

Əsədov deyib ki, paytaxt ərazisində avtomobillərə konsturksiyalarında qeyri-qanuni dəyişiklik etmək, əlavə avadanlıq - səs boğucular, qazanlar, çoxavazlı, yüksəktonlu, siren və musiqi səsli siqnallar quraşdırılaraq lüzumsuz yerə istifadə etməklə, əhalinin sağlamlığına və təhlükəsizliyinə ciddi zərbə vururlar.

Bunun vərdiş halını aldığını deyən şöbə rəisi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin problemlə mübarizə məqsədilə təxirəsalınmaz tədbirlərə başladığını bildirib.

Əsədov qeyd edib ki, ötən ilin 6 ayında Bakıda 300-dən artıq sürücüyə İnzibati Xətalar Məcəlləsinin 155.7-ci maddəsi ilə inzibati protokol tərtib olunaraq aidiyyatı üzrə məhkəmələrə göndərilib.

Bu ilin yanvarında isə qadağan olunmuş səs siqnallarından istifadə edən 34 sürücü saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Məhkəmələr tərəfindən səs siqnalları müsadirə olunub, sürücülər isə cərimələnib. Bu pozuntuya görə, cərimənin məbləği 60 manat nəzərdə tutulub.

Əsədovun sözlərinə görə, müxtəlif səsli siqnallardan istifadə "Yol hərəkəti haqqında" qanunun 73-cü (sürücülər tərəfindən səs siqnallarından istifadə etmə), 74-cü (xüsusi siqnalların tətbiqi) maddələrin tələbi əsasında tənzimlənməlidir.

Şöbə rəisi bildirib ki, avtomobillərin istehsalçı zavod tərəfindən konstruksiyasında quraşdırılması nəzərdə tutulan səs siqnallarından istifadə edilməsinə iki halda - yaşayış məntəqəsindən kənarda ötmə niyyəti aparmaq barədə başqa sürücüləri xəbərdar etmək üçün və yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün icazə verilir.

Əsədov sürücülərdən qadağan olunmuş səs siqnallarından istifadə edilməməsini, vətəndaşlardan isə bu hallar barədə yol polisi əməkdaşlarına məlumat verilməsini xahiş edir.

Xəbər lenti

Xəbər lenti