Azərbaycan, Bakı, 8 fevral /Trend/
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə ölkə jurnalistləri üçün "Ankara Medical Center"də təşkil olunan pulsuz tibbi müayinənin nəticələri açıqlanıb.
Trend-in məlumatına görə, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, müayinədən keçən jurnalistlərin çoxunda mədə-bağırsaq xəstəlikləri aşkar edilib.
Aksiyada 400-ə yaxın jurnalistin iştirak etdiyini deyən Yusifova müraciət edənlərin 70 faizində mədə-bağırsaq xəstəlikləri aşkar olunduğunu qeyd edib.
"Ankara Medical Center" klinikasının baş həkimi Zülfüqar Yusifov bildirib ki, aksiya 40 gün davam edib. O, jurnalistlərin nevroloji müayinələrdən keçməsini zəruri sayıb.
Klinikanın həkimi Rəqsanə Cəlilova isə müayinələr zamanı 3 jurnalistdə "Hepatit C" virusunun aşkarlandığını bildirib.
Çıxış edənlər belə aksiyaların davam etdirilməsinə ehtiyac olduğunu vurğulayıblar.
2010-cu il dekabrın 20-dən yanvarın 31-nə kimi davam edən aksiya müddətində jurnalistlərə pulsuz həkim məsləhəti, bütün qarın boşluğunun USM-i, EKQ, qanın ümumi müayinəsi, sedimentasiya, protrombin indeksi, qanın laxtalanması, sidiyin ümumi müayinəsi, nəcis müayinəsi kimi xidmətlər göstərilib.
Müayinələr həftənin 2-ci və 6-cı günləri redaksiyalar tərəfindən təqdim olunmuş siyahılar əsasında həyata keçirilib.
Azərbaycanda jurnalistlər üçün təşkil olunan pulsuz tibbi müayinənin nəticələri açıqlanıb
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının təşəbbüsü ilə ölkə jurnalistləri üçün "Ankara Medical Center"də təşkil olunan pulsuz tibbi müayinənin nəticələri açıqlanıb.