...

Azərbaycanlı gənclərin Türkiyə universitetlərinə qəbulu ilə bağlı qarşılıqlı razılaşma əldə edilib

Cəmiyyət Materials 4 May 2011 14:47 (UTC +04:00)
Növbəti illərdə azərbaycanlı gənclərin dövlət xətti ilə Türkiyənin ali məktəblərinə qəbul qaydaları dəqiqləşdirilib və bununla bağlı ölkələr arasında yenidən qarşılıqlı razılaşma əldə edilib.
Azərbaycanlı gənclərin Türkiyə universitetlərinə qəbulu ilə bağlı qarşılıqlı razılaşma əldə edilib

Azərbaycan, Bakı, 4 may /Trend müxbir İ.İsabalayeva/

Növbəti illərdə azərbaycanlı gənclərin dövlət xətti ilə Türkiyənin ali məktəblərinə qəbul qaydaları dəqiqləşdirilib və bununla bağlı ölkələr arasında yenidən qarşılıqlı razılaşma əldə edilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, artıq növbəti illərdə Azərbaycan tərəfi prioritet hesab etdiyi ixtisasları Türkiyə tərəfinə elan edəcək.

"Türkiyə hökuməti ilə bağladığımız saziş əsasında istədiyimiz ixtisaslar üzrə Azərbaycana yer ayrılacaq. Bu yerlərə əvvəlki kimi, müsabiqə keçiriləcək və tələbələr qəbul olunacaqlar", - Mərdanov deyib.

İki ölkə arasında təhsil sahəsində bağlanmış sazişə zidd olaraq, bu il Türkiyə tərəfi azərbaycanlı gənclərin qəbulu üçün elan etdiyi ixtisaslarda dəyişiklik aparmışdı. Azərbaycan Təhsil Nazirliyi həmin ixtisasları qəbul etmədiyi üçün Türkiyənin ali məktəblərinə sənəd qəbulu dayandırılmışdı. Yalnız Türkiyə Milli Təhsil Nazirliyi ixtisasların siyahısını Azərbaycanın maraqlarına uyğun dəyişdikdən sonra azərbaycanlı gənclərin Türkiyə universitetlərinə qəbulu aparılıb.

2011-2012-ci tədris ili üçün Türkiyə universitetlərinə qəbul imtahanı aprelin 24-də keçirilib.

Mərdanov onu da qeyd edib ki, bu il orta məktəblərdə buraxılış imtahanları iyun ayında keçiriləcək.

"Artıq sınaq imtahanları başa çatıb. Güman edirəm ki, bu il buraxılış imtahanları ötən ildəkindən yüksək səviyyədə keçiriləcək", - nazir deyib.

Xəbər lenti

Xəbər lenti