...

Azərbaycan gəncləri arasında keçirilən "Vətəni tanı" müsabiqəsinin bir sıra seçim turları yekunlaşıb

Cəmiyyət Materials 7 May 2011 11:07 (UTC +04:00)
Azərbaycanlı gənclər arasında keçirilən "Vətəni tanı" müsabiqəsinin bir sıra rayonlarda seçim turları yekunlaşıb.
Azərbaycan gəncləri arasında keçirilən "Vətəni tanı" müsabiqəsinin bir sıra seçim turları yekunlaşıb

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanlı gənclər arasında keçirilən "Vətəni tanı" müsabiqəsinin bir sıra rayonlarda seçim turları yekunlaşıb. Trend-in məlumatına görə, müsabiqə çərçivəsində növbəti seçim turları 4 işğal olunmuş rayonun - Şuşa, Qubadlı, Laçın və Xocavəndin gəncləri arasında keçirilib. Səbail, Yasamal rayonlarında seçim turları yekunlaşıb.

"Vətəni tanı" layihəsi 14-18 yaşlı gənclər arasında bütün respublika üzrə 74 regional turda keçiriləcək. Hər bir rayondan 2 nəfər, Bakının 11 rayonu üzrə 2 nəfər Bakı təmsilçisi olaraq seçiləcək. Kampaniya çərçivəsində əhatə olunacaq aktiv iştirakçıların sayının ölkə üzrə 12 min nəfərdən çox olacağı gözlənilir.

Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı, Gənclər və İdman, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin dəstəyi ilə keçirilən müsabiqə çərçivəsində Azərbaycan rayonlarında səfərdə olan işçi qrupları şimal-qərb bölgəsində Ağstafa, Qazax, cənub bölgəsində isə Astara, Lənkəran, Beyləqan gənclərinin "Vətəni tanı" Ümumrespublika kampaniyasında iştirak ediblər. Kampaniya çərçivəsində Şuşa rayonu üzrə seçim turu Bakı şəhəri, Fatmayi qəsəbəsində məskunlaşmış məcburi köçkün gənclərin təhsil aldıqları 9 saylı məktəbdə baş tutub.

Həmçinin, Ağstafa şəhəri 1 saylı məktəbdə adıçəkilən rayon üzrə seçim turu baş tutub. Kampaniyanın növbəti seçim turu Astara şəhəri 2 saylı məktəbdə, Qazax rayonu 1 saylı məktəbdə keçirilib.

Eyni zamanda, digər işçi qrupları müvafiq olaraq Lənkəran şəhəri 6 saylı məktəbdə seçim turunu keçiriblər. Beyləqanda məskunlaşmış Xocavəndin məcburi köçkün gəncləri də sözügedən kampaniyanın iştirakçısı olublar.

İşğal altında olan Qubadlı və Laçın rayonlarından olan gənclər də kampaniyada iştirak ediblər. Sumqayıt şəhərində yerləşən 1 saylı Qubadlı məktəbində, Bakı şəhəri, Binə qəsəbəsində yerləşən 46 saylı Laçın məktəbində həmin rayondan olan gənclər seçim turunda iştirak ediblər.

Bakı rayonları üzrə keçirilən zona turlarında hər rayon üzrə 300 gənc, digər regionlarda isə hər birindən 150 gənc iştirak edib. Bununla da "Vətəni tanı" Ümumrespublika kampaniyasında əhatə olunacaq 12 min gəncdən 2 mini artıq kampaniyada iştirak edib. Bunlardan bir qismi keçməcələrdən (puzzle) ibarət olan Azərbaycan xəritəsini, digərləri isə kampaniyanın rəsmi saytı miras.az-da olan elektron formadakı xəritəni toplayıb.

Xəbər lenti

Xəbər lenti