Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın ali və orta ixtisas məktəblərində yay imtahan sessiyası zamanı baş vermiş neqativ hallar araşdırılacaq.
Bu məqsədlə təhsil naziri Misir Mərdanov əmr verib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən çümə günü Trend-ə bildirilib ki, əmrdə ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, təhsil müəssisələrində imtahan qərargahının yaradılması barədə tapşırıq verilib.
Həmçinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə dərhal məlumat verilməsi, imtahan sessiyasında şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi məsələlərinin təmin olunması tapşırılıb.
Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətinə Təhsil Nazirliyinə yekun hesabat verəcəklər.
Təhsil Nazirliyi əməkdaşlarının, nazirliyin korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqi aparılacaq.
İmtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və digər müvafiq tədbirlərin görülməsi də qərara alınıb.