Azərbaycan, Bakı, 24 may /Trend/
Mayın 19-22-də Rumıniyanın Qorj vilayətində 31-ci Beynəlxalq Tudor Argezi Ədəbiyyat Festivalı keçirilib.
Azərbaycanın Rumıniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, rumın ədəbiyyatının ən böyük klassiklərindən hesab olunan şair Tudor Argezinin (1880-1967) xatirəsinə həsr olunmuş festival bu ölkənin Yazıçılar Birliyinin himayəsi ilə təşkil olunub.
Tudor Argezi festivalında təqdim olunan və rumın klassikinin adını daşıyan, böyük nüfuza malik mükafata ədəbiyyat sahəsində əvəzsiz xidmətləri olan yazıçılar layiq görülür.
Uzun müddət yalnız Rumıniya yazıçılarına verilən mükafat cari ildən etibarən xarici ədəbiyyatçılara da təqdim olunur.
Builki festivalda Azərbaycanla yanaşı, Bolqarıstan, Türkiyə, Almaniya, Yunanıstan və Serbiya nümayəndələri də iştirak ediblər.
Mayın 22-də şairin Tırqu Karbuneşt şəhərində yerləşən ev muzeyində keçirilən mərasim zamanı Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi, "Pen-Klub"un rəhbəri Çingiz Abdullayev ədəbiyyat sahəsindəki uğurları, eləcə də Rumıniya-Azərbaycan mədəniyyət əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə "Tudor Argezi" mükafatına layiq görülüb.
Mərasim zamanı Azərbaycan yazıçısına onun Tırqu Karbuneşt şəhərinin fəxri sakini seçilməsini təsdiq edən sənəd təqdim olunub, portreti Tudor Argezinin ev muzeyindəki laureatlar lövhəsinə vurulub.
Mükafatın təqdimolunma mərasimi çərçivəsində çıxış edən xalq yazıçısı Abdullayev Azərbaycan və Rumıniya arasında son illərdə yüksələn templə inkişaf edən əlaqələr haqqında danışıb, bu baxımdan ikitərəfli mədəniyyət əlaqələrinin genişləndirilməsinin hər iki ölkənin və xalqın maraqlarına uyğun olduğunu vurğulayıb.