...

Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülərin cəzalandırılması rəsmiləşdirildi

Cəmiyyət Materials 31 May 2011 12:53 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun qəbul edilib.
Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülərin cəzalandırılması rəsmiləşdirildi

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda cərimələri vaxtında ödəməyən sürücülər cəzalandırılacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında bununla bağlı "Yol hərəkəti haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan qanun qəbul edilib.

Yeni qanuna görə, sürücü inzibati cərimə ilə bağlı qərarın qüvvəyə mindiyi gündən 30 iş günü müddətində cəriməni banka ödəməlidir.

Cərimə bu müddət ərzində ödənilməzsə, cərimənin ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 2 faizi miqdarında dəbbə pulu tətbiq olunur.

Sürücü müəyyən edilən cəriməni 2 ay müddətində ödəməzsə, məhkəmə və yaxud yol polisi həmin şəxsin avtomobilinin saxlanılması barədə qərar qəbul edir.

Nəqliyyat vasitəsi yol polisi tərəfindən saxlanılır, sürücü nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır və nəqliyyat vasitəsi mühafizə olunan duracağa aparılır.

Şəxs cəriməni, dəbbə pulunu və avtomobilin duracağa gətirilməsi və orada saxlanılmasına görə haqqı ödədikdən dərhal sonra nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Şəxs cəriməni 3 ay müddətində ödəmədikdə isə daha sərt qaydada cəzalandırılır.

Belə ki, bu müddətdə cəriməni ödəməyən sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair qərar qəbul olunur.

Cərimə və dəbbə pulu ödənildikdən sonra, həmin şəxsin vəsatəti ilə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərara onu qəbul edən məhkəmə tərəfindən xitam verilir.

Qanundakı digər bir yenilik isə cəriməni 3 iş günü ərzində ödəyən sürücülərə güzəştin tətbiq olunmasıdır.
Belə ki, cəriməni 3 gün ərzində ödəyən sürücü cərimənin 10 faizinin ödənilməsindən azad olunur.

Deputat Elmira Axundova müzakirələr zamanı qeyd edib ki, buna qədər də bir çox qanuna dəyişikliklər qəbul olunub, lakin onların tətbiq olunmasında problemlər var.

Axundova taksilərin təyin olunmamış yerlərdə saxlanıldığını, nəqliyyat vasitələrinin nizamlanmayan hərəkətinin tıxaclara səbəb olduğunu bildirib.

Millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, yol hərəkəti qaydalarına edilən dəyişikliklər daha çevik şəkildə yerinə yetirilməlidir.

"Mən təklif edərdim ki, sürücü cəriməni 1 gün ərzində ödəyərsə, 50 faiz güzəşt tətbiq olunsun", - o deyib.

Xəbər lenti

Xəbər lenti