Azərbaycan, Bakı, 31 may /Trend/
Kuba inqilabının öndəri Fidel Kastro Ruzun oğlu, Kuba Dövlət Şurasının elmi işlər üzrə məsləhətçisi Fidel Kastro Dias-Balart Bakı Dövlət Universitetində təhsil müəssisəsinin rektoru Abel Məhərrəmovla görüşüb. Trend-in məlumatına görə, bu barədə BDU-nun mətbuat xidmətindən çərşənbə axşamı bildiriblər.
Görüşdə Fidel Kastro Dias-Balart qeyd edib ki, təmsil etdiyi ölkə təbiət elmləri, xüsusilə də bu elmlər üzrə magistrant və doktorantların hazırlanması sahəsində əməkdaşlıqda daha çox maraqlıdır.
Akademik Abel Məhərrəmov BDU-nun Kuba ilə elm və təhsil sahəsində əməkdaşlığa məmnuniyyətlə hazır olduğunu, bu sahədəki əməkdaşlığın əsasının hələ sovet vaxtından qoyulduğunu bildirib. Azərbaycan və Kubada eyni elmi məktəbin olmasına diqqət yetirən rektor, bu əməkdaşlığın səmərəli olacağına inandığını bildirib.
Kubadan gələn qonaqlar Bakı Dövlət Universitetinin nanotexnologiyalar üzrə nailiyyətlərinə xüsusi diqqət yetiriblər. Fidel Kastro Dias-Balartın sözlərinə görə, Kuba nanotexnologiyaların öyrənilməsi sahəsində dünya tendensiyalarından kənarda qalmaq istəmir.