...

Azərbaycanda məhkumların əməyə cəlb olunması üçün yeni iş yerləri açılacaq

Cəmiyyət Materials 29 İyun 2011 13:48 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planını (2011-2015-ci illər) təsdiq edib.
Azərbaycanda məhkumların əməyə cəlb olunması üçün yeni iş yerləri açılacaq

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Prezidenti İlham Əliyev "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planını (2011-2015-ci illər) təsdiq edib.

Tədbirlər Planında məhkəmə və hüquq islahatları ilə bağlı xüsusi istiqamət müəyyən edilib.

Həmin istiqamət üzrə 2011-2015-ci illər ərzində ədliyyə orqanları və məhkəmə aparatı işçilərinin peşəkarlığının yüksəldilməsi və onların yeni texnologiyalardan istifadə bacarıqlarının müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması üçün təlimlərin təşkil edilməsi nəzərdə tutulub.

Tədbirlər Planında təqsirləndirilən şəxslərin və məhkumların hüquqlarının müdafiəsi istiqamətində də zəruri tədbirlərin görülməsi barədə istiqamətlər müəyyən edilib.

Belə ki, 2011-2015-ci illərdə təqsirləndirilən şəxslərin və məhkumların hüquqi biliklərinin artırılması, saxlanma şəraitinin yaxşılaşdırılması və sağlamlığının qorunması üçün tədbirlərin görülməsi, cəzaçəkmə müəssisəslərində yeni istehsalat sahələrinin yaradılması barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.

2011-2013-cü illər ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər üçün 30 yerlik sosial adaptasiya mərkəzinin tikintisi və müvafiq müasir avadanlıqlarla təchizatını həyata keçirməlidir.

Tədbirlər Planında 2011-2012-cü illər ərzində vətəndaşlıq vəziyyəti aktlarının və hüquqi şəxslərin qeydiyyat sisteminin təkmilləşdirilməsi, sahibkarlıq sahəsində yoxlamalara dair vahid məlumat reyestrinin yaradılması, vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət etmək və onların fəaliyyəti barədə məlumat almaq imkanlarının genişləndirilməsi üçün müasir avtomatlaşdırılmış informasiya sistemlərinin yaradılması və tətbiqi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti