Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir T.Hacıyev/
Azərbaycan hökuməti vəfat etmiş müharibə əlillərinin mənzil növbəsinin onların ailə üzvlərinə saxlanılması barədə qərar qəbul edib. Trend-in Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu məqsədlə Baş nazir Artur Rasizadə Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan SSR ərazisində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Qərara əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü ildə təsdiq edilmiş Nümunəvi Qaydaların 20-ci hissəsinə aşağıdakı məzmunda on birinci abzas əlavə edilir:
"Mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində uçota durmuş müharibə əlili vəfat etdiyi halda, güzəştli mənzil uçotu onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır".
Azərbaycanda vəfat etmiş müharibə əlillərinin mənzil növbəsi onların ailə üzvlərinə saxlanılacaq
Azərbaycan hökuməti vəfat etmiş müharibə əlillərinin mənzil növbəsinin onların ailə üzvlərinə saxlanılması barədə qərar qəbul edib.
