...

Azərbaycan kinosunun dünya kino bazarına çıxması üçün tədbirlər görülür

Cəmiyyət Materials 2 Avqust 2011 12:14 (UTC +04:00)
Hazırda Azərbaycan kinosu inkişaf mərhələsindədir. Kinonun inkişafı problemsiz ötüşməsə də, artıq irəliləyiş göz qabağındadır.
Azərbaycan kinosunun dünya kino bazarına çıxması üçün tədbirlər görülür

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycan kinosu inkişaf mərhələsindədir. Kinonun inkişafı problemsiz ötüşməsə də, artıq irəliləyiş göz qabağındadır. Bunu çərşənbə axşamı Azərbaycan Kinosu günündə Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin Filmlərin təbliği və qeydə alınması sektorunun müdiri Yusif Şeyxov bildirib.

"Bu irəliləyiş ölkədə il ərzində çəkilən filmlərin sayının getdikcə artması, kinoya gənclərin gəlişi, kinonun maddi-texniki bazasının möhkəmləndirilməsinin nəticəsidir. Bütün bu işlər "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı" çərçivəsində görülür", - Şeyxov əlavə edib.

Onun sözlərinə görə, Dövlət Proqramında kinonun bütün sahələrinin inkişafı üçün tədbirlər nəzərdə tutulub. Bu tədbirlər tədricən həyata keçirilir. Bu tədbirlərdən ən böyüyü və kino üçün ən əhəmiyyətlisi isə "Azərbaycanfilm" kinostudiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlıdır.

"Nizami" kinoteatrına beynəlxalq kinofestival mərkəzi statusu veriləcək

Şeyxovun sözlərinə görə, hazırda kino çəkilişi üçün avadanlıqlar köhnəldiyindən çəkiliş qrupları, prodüsser mərkəzləri texnikaları xaricdən icarəyə götürməyə məcbur olur. Bütün bunlar isə kinonun çəkilməsi üçün tələb olunan xərcləri artırır.

"Filimin texniki baxımdan səviyyəli olması onun bazara çıxarılmasının əsas şərtlərindən biridir. Qarşıya qoyulan məqsədlərdən biri bunu təmin etməkdir və hazırda bu istiqamətdə işlər aparılır", - sektor müdiri bildirib.

Onun sözlərinə görə, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biri də "Nizami" kinoteatrının modernləşdirilməsidir. Yaxın bir neçə ay ərzində bu kinoteatrın modernləşdirilməsi ilə bağlı aparılan işlər yekunlaşacaq. Bir neçə zaldan ibarət olacaq "Nizami" kinoteatrına beynəlxalq kinofestival mərkəzi statusu da veriləcək.

Azərbaycan kinosunun dünya kino bazarına çıxması ciddi problemdir

Şeyxov bildirib ki, Azərbaycan kinosunun dünya kino bazarına çıxması ciddi problemdir. Onun sözlərinə görə, bu problemin həlli arzulanan məsələlərdən biridir. Hazırda Azərbaycanda buna nail olmaq üçün işlər aparılır. Bununla belə, sektor müdirinin fikrincə, Azərbaycan kinosunun dünya kino arenasında təmsil olunmadığını da demək düzgün deyil. Çünki Azərbaycan kinosu beynəlxalq kinofestivallarda təmsil olunur. Yalnız bu ilin yanvar ayından indiyədək Azərbaycan filmləri dünyanın müxtəlif ölkələrində keçirilən 20-dən artıq festivalda nümayiş olunub.

"Filmin festival taleyi bazar taleyi ilə üst-üstə düşməyə bilər. Ümumiyyətlə, dünyada kino bazarını ABŞ filmləri zəbt edib. Bu, faktdır. Azərbaycandakı "Azərbaycan" və "Cinema klub" kinoteatrlarında da yalnız ABŞ filmləri nümayiş olunur. Belə hal yalnız Azərbaycanda müşahidə edilmir. Dünyanın hər yerində eyni mənzərədir. Avtoritar ölkələrdə ABŞ filmlərinin nümayişinin qarşısı qanunvericilik vasitəsilə alınır", - sektor müdiri qeyd edib.

Azərbaycan kinosunun keyfiyyəti yüksəldilməlidir

Şeyxovun bildirdiyinə görə, hazırda Azərbaycanda il ərzində çəkilən filmlərin sayı təxminən 30 il əvvəlki göstəriciyə çatıb. Belə ki, 30 il əvvəl Azərbaycanda 7-8 bədii film çəkilirdi. İndi də il ərzində çəkilən filmlərin sayı 5-dən az olmur. Son illərdə bu rəqəm hətta 7-8-ə yüksəlib.

"Kinoların keyfiyyəti yüksəldilməlidir. Bunun üçün yeni istedadlı insanlar kinoya gəlməlidirlər. İstedadlı insanların aşkarlanması üçün biz çoxsaylı müsabiqələr keçiririk. İldə ən azı 2-3 böyük debüt filmlər çəkilir. Belə hal heç vaxt Azərbaycan kinosu tarixində olmayıb", - nazirlik rəsmisi deyib.

Şeyxov onu da qeyd ediv ki, 1970-ci illərdə həqiqətən də kinoteatrlara gələnlərin sayı çox olub. Bunu keçmiş SSRİ dövründə kinoya qarşı aparılan siyasətinin nəticəsi hesab etmək olar.

"O vaxt insanların indiki kimi əyləncəli vaxt keçirmək imkanları yox idi. O vaxt televiziyada da 1-2 kanala var idi, kafe-restoran, diskoteka yerlərinin də sayı çox deyildi, video yox idi, xariclə əlaqə çox məhdud idi. O vaxt camaatın yeganə əylənə bildiyi yer kinoteatr idi. Ona görə də kinoteatrlarda uzun növbələr yaranırdı. Amma indi kinoya maraq yoxdur və bu maraq heç vaxt da olmayacaq. Çünki insanların əylənmək üçün imkanları çox artıb", - sektor müdiri bildirib.


Azərbaycanlı aktyorun Hollivud filmlərinə çəkilməsi üçün onu təqdim etmək lazımdır

Şeyxovun sözlərinə görə, Azərbaycanda istedadlı aktyor və aktrisalar var. Amma Azərbaycan aktyorunun Hollivud filmlərinə çəkilməsi üçün onu təqdim etmək də lazımdır.

Nazirlik rəsmisi hesab edir ki, hər hansı aktyorun öz təşəbbüsü ilə Hollivud filminə çəkilməsi mümkün deyil.

"Azərbaycanda aktyor seçimini aparan kastinq şirkətləri var ki, onlar bu işlə professional şəkildə məşğul ola bilər. Onlar aktyorları kino istehsalı ilə məşğul olan yerli və xarici şirkətlərə, o cümlədən Hollivuda təklif edə bilərlər. Bu şirkətlərin özlərinin saytları olmalıdır. Təəssüf ki, Azərbaycanda kino sahəsində bu mədəniyyət hələ inkişaf etməyib", - Şeyxov deyib.

Xəbər lenti

Xəbər lenti