...

Azərbaycanda indiyədək müəllim işləmək üçün 3 min nəfərə yaxın namizəd imtahan verib

Cəmiyyət Materials 5 Avqust 2011 13:51 (UTC +04:00)
Azərbaycanın orta məktəblərində müəllim işləmək üçün indiyədək 3 min nəfərə yaxın namizəd imtahan verib. Bu barədə Trend-ə cümə günü Təhsil Nazirliyindən məlumat verilib.
Azərbaycanda indiyədək müəllim işləmək üçün 3 min nəfərə yaxın namizəd imtahan verib

Azərbaycan, Bakı, 5 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın orta məktəblərində müəllim işləmək üçün indiyədək 3 min nəfərə yaxın namizəd imtahan verib. Bu barədə Trend-ə cümə günü Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, ibtidai sinif müəllimi işləmək istəyən namizədlər üçün keçirilən imtahanda 98 nəfər işə qəbul olunub. Boş qalan 12 yer isə bütün imtahanlar başa çatdıqdan sonra keçid balını toplamış, lakin qəbul olunmamış müəllimlərə təklif olunacaq.

İbtidai sinif müəllimi işləmək istəyənlər üçün imtahan iyulun 26-dan 30-dək keçirilib. Bu imtahanlarda 1244 namizəd iştirak edib.

Hazırda ingilis dili ixtisası üzrə müəllim işləmək istəyənlər üçün imtahanlar keçirilir. Bu ixtisas üzrə 241 vakant yerə (onlardan 68-i Bakı şəhərindəndir) 1529 nəfər imtahana buraxılıb.

Növbəti imtahan avqustun 8-11-də Azərbaycan dili və ədəbiyyatı, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-24-də riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqədərki hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə keçiriləcək.

Ümumilikdə Azərbaycanın orta məktəblərindəki 2177 vakant yer üzrə müəllim işləmək üçün 10 min nəfər iddiaçı elektron ərizə verib. Ərizə verənlərin təhsil və nailiyyət göstəricilərinin müəyyənləşdirilmiş meyarlar əsasında kompüter proqramı vasitəsilə qiymətləndirilməsi aparılıb. Nəticədə 8700 iddiaçının ərizəsi təsdiq edilib və onlar müsabiqənin II mərhələsinə buraxılıblar.

Namizədlər arasında ibtidai sinif müəllimi ixtisası üzrə ərizə verənlərin sayı daha çox olub. Bu ixtisas üzrə 110 vakant yerə qarşı (23-ü Bakı, digərləri respublikanın rayonları) 1722 nəfər ərizə verib. Eyni zamanda, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, ingilis dili, kimya, biologiya ixtisasları üzrə də ərizə verənlərin sayı çox olub.

Respublika üzrə müəllimlərin işə qəbulu sentyabrın 10-dək tam yekunlaşacaq.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli olacaq.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilib. Daha sonra namizədlər test imtahanı verirlər.
Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

Xəbər lenti

Xəbər lenti