...

Bu gündən Azərbaycanda doktoranturaya sənəd qəbulu başlayır

Cəmiyyət Materials 1 Sentyabr 2011 09:00 (UTC +04:00)
Bu gündən Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulu başlayır.
Bu gündən Azərbaycanda doktoranturaya sənəd qəbulu başlayır

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanda fəaliyyət göstərən ali təhsil və elmi tədqiqat müəssisələrinin doktoranturalarına sənəd qəbulu başlayır. Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd qəbulu sentyabrın 30-dək, elmlər doktoru proqramı üzrə ilin sonunadək davam edəcək.

Sənədlərin qəbulundan sonra isə oktyabr ayında doktoranturaya qəbul imtahanları keçiriləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul olunacaqlar.

Doktoranturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, iş yerindən xasiyyətnamə, 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş stajı olanlar üçün əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə), şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilməlidir.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verəcəklər.

Doktoranturaya qəbul imtahanlarına buraxılmış şəxslərə Əmək Məcəlləsinə uyğun olaraq, iş yerindən 30 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.

İstehsalatdan ayrılmaqla təhsil alan bütün doktorantlar təqaüdlə təmin olunurlar.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji naliyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul edilirlər.

Doktoranturaya qəbul üçün ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına), kadrların şəxsi-qeydiyyat vərəqi, tərcümeyi-hal, 3 ədəd fotoşəkil (3x4 sm ölçüdə), iş yerindən xasiyyətnamə, əmək kitabçasından çıxarış, çap olunmuş elmi işlərin siyahısı, "Fəlsəfə doktoru" və ya "Elmlər namizədi elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti, ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti, şəxsiyyəti təsdiq edən sənədin surəti təqdim edilməlidir.

Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə olaraq keçirilir.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsilin müddəti 3, qiyabi təhsilin müddəti 4, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4, qiyabi 5, dissertantlıq yolu ilə 3 ildir. Müstəsna hallarda bütün təhsil formaları üzrə təhsilin müddəti qanunvericiliyə uyğun olaraq, uzadıla da bilər.

Bu il doktoranturaya qəbul üçün AMEA-ya fəlsəfə doktoru üzrə əyani şöbədə 176 yer, qiyabi şöbədə 39 yer ayrılıb.

Doktoranturalar yaradılan digər təşkilatlara fəlsəfə doktoru üzrə əyani 108, qiyabi 81, elmlər doktoru pilləsi üzrə əyani 18, qiyabi 30, dissertantura yolu ilə fəlsəfə doktoru pilləsi üzrə 145, elmlər doktoru pilləsi üzrə 13 yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti