Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/
Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 28-də ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə keçirdiyi qəbul imtahanlarının nəticələrini açıqlayacaq. Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, hazırda TQDK-da imtahan protokollarının və cavab kartlarının emalı aparılır.
Qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 31251 abituriyentdən 433 nəfəri imtahana gəlməyib. Abituriyentlərdən 52 nəfəri imtahan qaydalarına zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunublar.
Qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmazda keçirilib.
Cari tədris ili üçün 9 illik (ümumi) orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9642 plan yerindən 8449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.